2.5. Pestisidlərdən istifadə zamanı təhlükəsizlik qaydaları və onların saxlanma
şəraiti
Bağçılıqda zəhərli kimyəvi maddələrlə işləyərkən təhlükəsizlik qaydalarına ciddi əməl edilməli, müvafiq geyim və ləvazimatlardan istifadə olunmalıdır. Mübarizə tədbirlərində istifadə edilən preparatların xarakterinə uyğun olaraq müxtəlif fərdi mühafizə vasitələrindən istifadə edilməsi tövsiyə edilir (Şəkil 2.16). Bu məqsədlə dərini qorumaq üçün əlcəklərdən, çəkmələrdən, kombinizonlardan, nəfəs yollarını qorumaq üçün əleyhqazlardan, respiratorlardan, xüsusi hazırlanmış maskalardan istifadə edilir. Maye şəklində olan preparatlarla işlədikdə rezin mühafizə vasitələri işlədilməlidir (Şəkil 2.16). İş başa çatdıqdan sonra mühafizə vasitələri təmzilənərək zərərsizləşdirilməlidir. İşlədilmiş fərdi mühafizə vasitələrini təmizləmək üçün 25 qram sabun, 5 qram soda, 1 litr suya tökülərək hazırlanmış xüsusi məhluldan istifadə edilə bilər. Bağçılıqda istifadə edilən zəhərli-kimyəvi maddələr xüsusi bağlı yerlərdə saxlanılmalıdır. Pestisidlərdən istifadə zamanı yemək, çay içmək və siqaret çəkmək yol verilməzdir. Heyvanların, arıların, quşların qorunması üçün müvafiq tədbirlərin həyata keçirilməsi olduqca vacibdir. Yadda saxlamaq lazımdır ki, dərmanlama işləri havanın sərin vaxtları, səhər tezdən və yaxud axşam vaxtlarında həyata keçirilməlidir. Çünki isti havada çilənmiş dərman tez buxarlanıb təsirini itirir, eyni zamanda da bitkilərin üzərinə düşən kimyəvi dərmanlar günəşin təsirindən bitkinin yarpaqlarını yandıra və ya zədələyə bilər. |
Yalnız istifadəsinə icazə verilən sertifikatı olan preparatlardan istifadə olunması məsləhət görülür.
Preparatlarla işlədikdə saxlama, daşıma və istifadə zamanı təhlükəsizlik tədbirləri ilə bağlı təlimatlara əməl edilməli, ayrı-ayrı preparatların tətbiqi ilə bağlı metodik göstərişlərlə, təlimatlarla tanış olduqdan sonra işə başlamaq lazımdır. Dərmanlarla işləməyə yalnız 18 yaşına çatmış, müvafiq təlimat almış gənclərə icazə verilir. Südəmər uşağı olan və hamilə qadınlara dərmanlarla işləməyə icazə verilmir. Pensiya yaşında olan qocaların da pestisidlərlə işləməsi yol verilməzdir.