Qurudulmuş pomidor kolu və kökündən həlim hazırlamaq üçün 1 kiloqram xammala 10 litr su əlavə edilir, 4-5 saat saxlanılır, sonra 2-3 saat qaynadılır, soyudularaq süzülür. İstifadə etdikdə 1 litrinə 2 litr su əlavə edilir, 10 litr məhlula 40 qram təsərrüfat sabunu qatılır.
Pomidordan hazırlanmış dərmanla mənənəyə, tırtıllara, kələm ağ kəpənəyinə, güvəyə, birəciklərə, gənəyə, meyvəqurduna, yarpaq yeyən ziyanvericilərə qarşı mübarizə aparılır.
Kartof
1,2 kiloqram sağlam kolun xırdalanmış yaşıl kütləsinin üzərinə 10 litr isti su tökülüb 2-3 saat saxlanılır, sonra süzülür (10 litr suya 60-80 qram quru kütlədə götürmək olar). Məhlulla mənənəyə və hörümçək gənəsinə qarşı çiləmə aparılır.
Pıtraq (lopux)
Yarpağı xırda doğranılaraq kipləşdirilərək vedrənin 2/3 hissəsinə qədər doldurulur. Vedrə dolanadək isti su əlavə edilir. 3 gün saxlanılır, süzülərək kələmdə sovkaya, ağ kəpənəyə, güvəyə qarşı istifadə olunur (Şəkil 2.11).
Soğan
200 qram soğan qabığı 10 litr isti suya tökülərək 4-5 gün saxlanılır. Sonra süzülərək ondan kələmi mənənə və tor gənəciyindən qorumaq üçün istifadə edilir. Çiləmə hər 5 gündən bir, vegetasiya ərzində 3 dəfə aparılır.
Acı bibər
100 qram təzə, xırda doğranmış bibər bir litr suda, zəif odda 1 saat qaynadılır, soyudulur, 2 gün saxlanılır (şüşə qabda). 50 qram məhlulun üzərinə 10 litr su əlavə edilərək xırda tırtıllara qarşı istifadə olunur. İlbizlərə qarşı mübarizə aparmaq üçün 500 qram acı bibər xırdalanır, bir saat 5 litr suda qaynadılır, məhlul şüşə qabda 2-3 gün saxlanılır. Bu qarışıqdan 0,5 litri 10 litr suda həll edilərək bitkilərə çilənir.
Yovşan
Çiçəkləmə vaxtı yığılaraq soluxdurulur, bir kiloqram kütlə 15 dəqiqə bir qədər suda qaynadılır, soyudulur, süzülür. 10 litr su ilə duruldulur, hər 7 gündən bir yarpaqyeyən tırtıllara qarşı çilədikdə onları məhv edir (Şəkil 2.12).