Təbii dərmanların hazırlanmasında istifadə olunan fitonsid mənşəli bitkilər aşağıdakılardır: Sabahgülü (barxates) Qurudulmuş, xırda doğranmış bitki vedrənin yarısına qədər doldurulur, üzərinə vedrə dolana qədər isti su tökülərək iki gün saxlanılır. Süzülərək üzərinə 40 qram xırdalanmış təsərrüfat sabunu (Şəkil 2.8) əlavə edilərək kol bitkilərində mənənəyə qarşı istifadə olunur (Şəkil 2.7). Bat-bat (belena) Yarpaqları xırda doğranmış və ya qurudularaq narın döyülmüş halda 1 kiloqram xammala 10 litr isti su tökülməklə 12 saat saxlanılır. Süzdükdən sonra 10 litrə 40 qram sabun əlavə edilməklə mənənəyə, gənəyə, bitki taxtabitinə qarşı istifadə olunur (Şəkil 2.9). Qoz yarpağı 100 qram təzə qoz yarpağına 2 litr su əlavə edilib 10 dəqiqə qaynadılır. Bu məhlulun 200 qramına 10 litr su əlavə edilib bitkiyə çilənir. Kartofdan və badımcandan kolorado böcəyini qaçırır (Şəkil 2.10). Dəli bəng otu (durman) 1 kiloqram quru xırdalanmış xammala, 10 litr isti su töküb 12 saat saxlanılır. Süzülərək xiyarda mənənə, taxtabiti, hörümçək gənəsinə qarşı istifadə olunur. Pomidor Cövhəri hazırlamaq üçün onun sağlam yerüstü hissəsindən və kökündən istifadə edilir. Bunun üçün bicvurma apardıqda və məhsul yığımından sonra tədarük edilir. 4 kiloqram pomidor kolu üzərinə 10 litr isti su əlavə edilib 3-4 saat saxlanılır. Soyuduqdan sonra süzülüb şüşə qablara doldurulub ağzı möhkəm bağlanır, sərin yerdə qaranlıqda saxlanılır. Bir ilə qədər saxlamaq mümkündür. Məhlul hazırlamaq üçün 1 litr cövhərə 2 litr su əlavə edilir. Hər 10 litr məhlula isə 40 qram təsərrüfat sabunu əlavə edilərək çiləmə aparılır. |