Bağçılıqda əksər zərərvericilərin təbii düşməni sayılan trixoqramma (Trichogramma evanescens Westw., T. ostriniae Pang et Chen., T. chilonis Ishii., T. dendrolimi Mats., T. ussuricum Sor növlərindən hər hansı biri) və Habrabrakan kimi həşəratların (entomofaqlar) istifadəsi səmərəli bioloji mübarizə üsulu sayılır. Mənənələrin əsas təbii düşməni hesab edilən yeddi nöqtəli parabizən sahəyə buraxılır.
Bağçılıqda xəstəlik və zərərvericilərə qarşı xüsusi bitkilərdən təbii dərmanlar hazırlanır. Bu bitkilər fitonsidlər adlanır. Bitki mənşəli dərmanlar effektliyinə görə kimyəvi dərmanlardan heç də geri qalmır, onlar yalnız işlədilən zaman zəhərli olur. Rütubətin, havanın, günəşin şüalarının təsirindən onlar çox tez parçalanaraq ətraf mühiti zəhərləmir. Kiçik fermer təsərrüfatlarında bitkilərdən hazırlanmış dərmanlardan istifadə olunması xüsusilə sərfəlidir.
Bitkilərdən həlim, cövhər və toz halında dərman hazırlanması qaydaları aşağıdakılardan ibarətdir:
Həlimin hazırlanması - xırdalanmış bitki xammalı təmiz emallı qaba tökülür, üzərinə qaynar su əlavə olunur, ağzı qapaqla örtülərək vam odun üzərində qaynamaq həddinə çatmadan 15 dəqiqə qızdırılır. Həlim soyudulur, bir neçə qat tənzifdən süzülərək şüşələrə boşaldılaraq ağzı kip bağlanılır. Çox isti olmayan, qaranlıq yerdə saxlanılır. Həlim istifadə olunduqda 1:10 nisbətində duruldulur, sabun qatılaraq istifadə olunur.
Cövhərin hazırlanması - cövhər hazırlamaq üçün xırdalanmış xammalın üzərinə su əlavə edilərək 25-30 dəqiqə müddətində qaynadılır. Buxarlanma nəticəsində həcm kiçildikcə su əlavə edilir. Soyudularaq süzülüb, şüşələrə doldurub, həlimin saxlanma qaydasında saxlanılır.
Toz dərmanlarının hazırlanması - yaxşı qurudulmuş xammal adi həvəngdəstədə döyülərək toz halına salınır. Ələnərək şüşə taralarda ağzı kip bağlanmış halda saxlanılır. Nəzərə almaq lazımdır ki, xammal nə qədər narın döyülərsə, bir o qədər təsiri effektli olar.