2.1. Bağçılıqda istifadə olunan əsas istehsal vasitələri haqqında ümumi məlumat
Bağçılıqda məhsul istehsalı üçün ən çox istifadə edilən istehsal vasitələri pestisidlər, gübrələr, toxum, süni torpaq və ya qarışıq substratlar hesab olunur (Şəkil 2.1). Bu bölmədə bağçılıqda ən çox istifadə edilən bitki mühafizə vasitələri, gübrələr, substratlar, onların tətbiqi qaydaları və saxlanması haqqında məlumat verilir. Məlumdur ki, bağçılıqda istifadə edilən bitki mühafizə vasitələri, gübrələr və s. normadan artıq tətbiq edildikdə bitkinin inkişafı pisləşir və məhsulun keyfiyyəti aşağı düşür. Həmçinin, pestisidlər və mineral gübrələr kimyəvi maddələrdən ibarətdir. Onlar düzgün saxlanılmadıqda keyfiyyəti aşağı düşür və onların istifadəsinin səmərəliliyi azalır. Bundan başqa, bağçılıqda tətbiq edilən kimyəvi vasitələrlə işləyərkən təhlükəsizlik qaydalarına riayət etmək lazımdır.“Bağçılıqda mövcud istehsal vasitələrinin (substrat, gübrə, bitki mühafizə) xüsusiyyətləri və istifadəsi” bölməsində sadalanan məsələlər və istifadə edilən istehsal vasitələri haqqında məlumat veriləcək. |
Bağçılıqda xəstəlik və zərərvericilərə, o cümlədən alaq otlarına qarşı müxtəlif çeşidli bitki mühafizə vasitələrindən istifadə edilir.
Bağçılıqda bitkilərin xəstəliklərə tutulma, zərərvericilərə məruz qalma hadisəsi müşahidə edildikdən və zərərverən orqanizmlərin növləri dəqiq təyin olunduqdan sonra müvafiq bitki mühafizə vasitələri seçilir. Bitki mühafizə vasitələri seçilərkən onların səmərəliliyi və ətraf mühitə təsiri nəzərə alınmalıdır.