Məsələn, Gəncə-Qazax bölgəsində ilk payız şaxtası orta hesabla noyabr ayının 29-da, son yaz
şaxtası isə mart ayının 24-nə təsadüf edir. Bu bölgə qış aylarında təbii işıqla ən çox işıqlanan yer
olub dekabr-fevral aylarında fotosintetik aktiv radiasiyanın (FAR - fotosintez üçün bitkilərin istifadə
edə bildiyi günəş enerjisinin bir hissəsi. Günəş şüalarının cəminin 50 faizə qədərini təşkil edir)
miqdarı 2200-2500 kilokalori/kvadrat santimetrə çatır. Belə şəraitdə istixanada bitkilərə əlavə işıq
vermədən yüksək pomidor məhsulu götürmək olur. Bütün bunlarla yanaşı, günəşli günlərin sayının çox, işıq
intensivliyinin yüksək olması burada istixana tərəvəzçiliyinin genişləndirilməsinə imkan verir.
Azərbaycanın örtülü tərəvəzçilik bölgəsinin iqlim şəraiti örtülü sahə üzrə dünya şöhrəti
qazanmış Hollandiyanın iqlim şəraitindən də əlverişlidir. Bu isə istixanaların qızdırılmasına az vəsait
sərf etməklə daha keyfiyyətli və yüksək məhsul götürməyə imkan verir. Ona görə də hələ Sovet İttifaqı
dövründə Gəncədə, Ağdaşda və Abşeronda istixana təsərrüfatları yaradılmış və sonralar naməlum səbəblər
üzündən onların sahələri azalmışdır.
İstixana üçün sahə seçilərkən aşağıdakı ətraf mühit amilləri nəzərə alınır:
- Ərazinin coğrafi vəziyyəti (yerləşmə vəziyyəti, nəqliyyat yolu, şəhərlər və satış bazarlarına
yaxınlığı, yerin relyefi, torpaq şəraiti, qrunt suyunun səviyyəsi, qonşu təsərrüfatlar və s.);
- İqlim şəraiti (havanın payız, qış, yaz mövsümündə orta aylıq temperaturu, havanın nəmliyi, küləyin
istiqaməti və sürəti, qış mövsümündə gündəlik işıqlı saatların miqdarı və s.);
- Su ehtiyatı;
- Elektrik enerjisi mənbəyi, qaz kəməri və digər kommunikasiya xətləri.
İri istiхana komplekslərinin tikintisi ölkənin iqlim-torpaq və işıq zonalarına görə
diqqətlə rayonlaşdırılır. Hər bir istixana kompleksinin hansı rayonda yerləşəcəyi müəyyən edilir,
qarşısına konkret istehsalat məsələsi qoyulur və hansı enerji ehtiyatı ilə işləyəcəyi nəzərdə
tutulur:
- İstixananın inşası üçün sahəni seçərkən bir sıra vacib şərtlər nəzərə alınır;
- Sahənin seçilməsi layihələşdirməyə hazırlıq işi olub xüsusi komissiya tərəfindən həyata keçirilir
ki, onun tərkibi sifarişçi və istixananı layihələşdirən təşkilatın nümayəndələrindən ibarətdir;
- Yaşayış, mədəni-məişət binalarının tikilişi ümumi kapital qoyuluşunun 40 faizə qədərini tutur. Ona
görə yaхında ehtiyat işçi qüvvəsi olmalı, tikinti yerləri şəhərlərdən nisbətən aralı, lakin rayon
mərkəzlərinə və kənd yaşayış məntəqələrinə yaхın sahələrdə seçilməlidir;
- Kombinatda istifadə edilmək üçün böyük istilik, elektrik və su ehtiyatının olması lazımdır:
- Hər hektar blok tipli istiхana tikmək üçün seçilən sahənin böyüklüyü 2-2,5 hektar, anqar tipli
istiхana tikməkdən ötrü 3-3,5 hektar olmalı və gələcəkdə istiхana kombinatının 3-5 dəfə
genişləndirilməsinə imkan verilməlidir;
- İstixananın tikinti xərclərinin azaldılması məqsədilə seçilən sahə su və elektrik təchizatı,
kanalizasiya çəkilişi, dəmir yolu və avtomobil yoluna yaxın olmalıdır;
- İstixana soyuq və hakim küləklərin (Şimal və Şimal-Şərq) təsirindən bir qədər kənar və havanı
çirkləndirən obyektlərdən bir qədər uzaq olan ərazidə tikilməlidir;