• Dolunun düşmə tezliyi, vaxtı və dolu buludunun ən çox gəlmə istiqaməti;
• Aylar və il üzrə havanın orta nisbi rütubəti;
• Aylar üzrə küləklər, onların istiqaməti və gücü.
1.2.3. Torpaq
Bağ salmaq üçün əvvəlcə torpaq qatı təhlil edilməlidir. Torpaqaltı qatı daha dəqiq təhlil
etmək üçün kəsimlərin dərinliyi 3 metrə qədər olmalıdır. Meyvəçilik sahəsində qazanılmış çoxillik
təcrübələrlə sübut edilmişdir ki, meyvə bağı salmaq üçün torpağın yararlı olub-olmaması aşağıdakı
göstəricilərlə müəyyən edilir:
- Kifayət qədər su və havakeçirmə qabiliyyətinə malik strukturlu torpaqlar meyvə bitkiləri üçün
əlverişlidir. Quraq və yarımrütubətli torpaqlarda köklərin 1,6-1,8 metrdən, rütubətli və mülayim
iqlim şəraitində isə 60-90 santimetrdən üzdə yerləşmələri yüksək və sabit məhsula zəmanət verə
bilməz;
- Torpaq kipliyi (həcmi çəki) 1,6-1,7 qram/kub santimetr olduqda alma və armud bitkiləri normal
inkişaf edə bilir. Torpağın yüksək dərəcədə kipliyi bitkilərə əksər hallarda mənfi təsir göstərir.
Su və havanı zəif keçirən torpaqlarda kök sisteminin inkişafı məhdudlaşır. Belə nəm və kip
torpaqların aşağı qatlarında bəzən oksigen qıtlığı və karbon qazının ifrat dərəcədə toplanması baş
verir;
- Torpaq qatı nazik, torpaqaltı qatlar isə çaydaşı, çınqıl qatından ibarət olduqda və yaxud ana süxur
qayalıq olduqda köklərin inkişafı məhdudlaşır;
- Boz, tünd-boz podzollaşmış, qələviləşmiş və orta səviyyədə hümuslu, podzollaşmış qara torpaqlar,
gillicəli qonur, yüngül və orta gillicəli boz-qəhvəyi torpaqlar əksər meyvə bitkiləri üçün ən yaxşı
torpaqlar sayılır;
- Bağ üçün güclü yuyulmuş və daşlı torpaqlar, gilli qara torpaqlar, şoran və şorakət torpaqlar
tamamilə yararsızdır;
- Əksər meyvə bitkiləri üçün kök yayılan zonada torpaq məhlulunun reaksiyası pH 5-8,5 olduqda
qənaətbəxş sayılır;
- Ağacların normal inkişafını təmin etmək üçün qrunt sularının səviyyəsi 2,5-3 metr və daha dərində
olmalıdır.
1.2.4. Bitki örtüyü
Bağ üçün sahə seçilərkən orada təbii halda yayılmış bitkilər əsas indikatorlar (göstərici)
hesab olunur. Bağ sahəsinin seçilməsində indikator bitkilər aşağıdakı xüsusiyyətlərə malikdir:
- Sahədə cır və mədəni bitkilərin, həmçinin, palıd, ağcaqayın, göyrüş, fıstıq və dənli-paxlalı
bitkilərin nümayəndələri varsa, bu sahə meyvə bitkiləri üçün ən yararlı sahə hesab edilir;
- Qamış, lıqvər, cil, ciyən, bataqlıca, yumşaq süpürgə və digər suya tələbkar (hidrofit) bitkilər
sahənin yüksək rütubətliliyinə dəlalət edir;