Relyefin müxtəlifliyi həm mikroiqlim, həm də torpaq şəraitinə bilavasitə təsir göstərir. Dəniz səviyyəsindən yüksəklik dəyişdikcə hava şəraiti, torpaqların tipi və keyfiyyəti müəyyən qədər dəyişir. Müəyyən olunmuşdur ki, hər 100 metr yüksəkliyə qalxdıqca havanın orta illik temperaturu 0.5°C aşağı düşür, vegetasiyanın davametmə müddəti 5 gün azalır, yağıntıların miqdarı isə nisbətən artır. Hündürlüyə qalxdıqca meyvələrin yetişməsi ləngiyir, onun keyfiyyət və nəqliyyata davamlılığı artır.
Dağlıq və dağətəyi rayonlarda, müəyyən hüduda qədər temperatur rejimi düzən rayonlara nisbətən daha sabit olduğundan ağaclar qışa davamlı olur. Düzən yerlərə nisbətən yamaclarda gec yaz şaxtalarının qorxusu az olur.
Kifayət qədər isti və rütubətli rayonlarda bütün cəhətlər üzrə yamaclar (müəyyən hündürlüyə qədər) əlverişli sayıla bilər. Dağətəyi rayonlarda dəniz səviyyəsindən 400-500 metr hündürlüyə qədər ərazilərdə bağ üçün şimal-şərqdən başqa, bütün cəhətlər, daha hündür sahələrdə isə cənub və cənub-qərb cəhətləri əlverişlidir.
Yamacın az maillik dərəcəsi də relyefin əsas göstəricilərindəndir. Az mailli yamaclar rütubətlə daha zəngin, məhsuldar və mexanikləşmə üçün daha əlverişlidir. Belə yamaclarda torpağın yuyulması (eroziya) ehtimalı da azdır. Ona görə də belə sahələr bağ salmaq üçün daha əlverişlidir. Mailliyi daha çox (10-25 dərəcə) olan yamaclarda rütubətlənmə az, torpaq qatı nazik, eroziya gücü isə çox olur. Ona görə də belə sahələrdə bağ yalnız səkilərdə (terraslarda) salınır (Şəkil 1.3). Cərgələrin cənubdan şimala doğru istiqamətlənməsini nəzərə alaraq bağları yamacın qərb cəhətinə planlaşdırmaq məsləhət görülür. Bundan başqa, şimal və şimal-qərb yamacları da əlverişlidir. |