Məlumdur ki, bağçılıq məhsulları ölkənin ərzaq tələbatının ödənilməsində əhəmiyyətli olması ilə yanaşı, yüksək ixrac potensiallı məhsullar hesab olunur. Azexport ixrac portalının məlumatına əsasən 2017-ci ilin birinci rübündə Azərbaycan Respublikasından xarici ölkələrə 55,4 milyon ABŞ dolları dəyərində meyvə-tərəvəz və 2,52 milyon ABŞ dolları dəyərində onların emal məhsulları ixrac edilmişdir.
Ölkəmizdə meyvə-tərəvəz məhsullarının həm daxili bazarda və həm də xarici ölkələrə satışı ilə əlaqədar bir çox ixtisaslaşmış satış kanalları mövcuddur ki, onlara “AMTA - Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası”nı, “Bir pəncərə” İxraca Dəstək Mərkəzini, ölkəmizin müxtəlif rayonlarında yaradılmış Aqroparkları, “Azexport” portalını və s. misal göstərmək olar. Bu şirkətlər meyvə-tərəvəz istehsalçıları üçün müştərilər axtarır, istehsalçı ilə yerli və xarici müştərilər arasında qarşılıqlı əlaqələr yaradır, müvafiq ixrac sənədlərinin əldə olunmasına dəstək göstərir və məhsul satışını təşkil edir.
1.2. Çoxillik əkmələr üçün bağ yerinin seçilməsi qaydaları
Bağ salarkən yerin seçilməsi əsas işlərdən biridir. Tinglərin əkiləndən sonra yüksək faizlə tutması, yaxşı böyüməsi, ağacların uzun ömürlü olması, yüksək məhsuldarlığı və meyvələrin keyfiyyəti sahənin düzgün seçilməsindən asılıdır. Bağ salmaq üçün yer seçdikdə aşağıdakılara diqqət yetirilməlidir: • Yerin relyefi; • Qurunt sularının yerləşmə dərinliyi; • Torpağın münbitliyi və mexaniki (qranulometrik) tərkibi; • İqlim şəraiti və bitki örtüyü.
1.2.1. Relyef
Bağın inkişafı, ağacların bol və yüksək keyfiyyətli məhsul verməsi yerin relyefindən bilavasitə asılıdır. Relyefə görə bağ salmaq üçün ən yaxşı yerlər düz, yaxud mailli yamaclardır. Maillik 5-10° olduqda sahələrdə terraslar düzəldilməklə bağ salınır. Bağ salmaq üçün seçilən sahənin torpağını elə hazırlamaq lazımdır ki, sahənin küncləri üzrə dəqiq diaqonal almaq mümkün olsun, cərgələr düzxətli yerləşdirilsin, həmin sahədə əkilən tinglər uzun illər yaxşı inkişaf etsin və yüksək məhsul verə bilsin (Şəkil 1.2). |