Qeyd olunanlardan aydın olur ki, aqroparklar nəinki fermerləri tələb olunan istehsal vasitələri ilə təmin edir, həmçinin, onlara məhsulun saxlanılması və satışının təşkili xidmətlərini də göstərir.
Bağçılıq təsərrüfatında istehsalın təşkili üçün avadanlıq və istehsal vasitələri ilə təminat əsas şərtlərdən hesab edilir. Bu istiqamətdə ölkəmizdə bir çox yerli və xarici təchizatçı şirkətlər, müəssisələr və satış mərkəzləri fəaliyyət göstərir. “Aqrolizinq” ASC, Zəyəm Texnologiyalar Parkı, “Grow Group Azerbaijan” və s. yerli təchizatçı müəssisələr mövcuddur. Bu şirkətlər bağçılıq təsərrüfatlarının maşın və alətləri ilə suvarma, gübrələmə, torpaq və bitkilərə nəzarət avadanlıqları və qurğuları ilə təmin edilməsində xüsusi rola malikdir. “Aqrolizinq” ASC bağçılıq təsərrüfatlarını traktor, kənd təsərrüfatı maşın və alətləri təmin edir, o cümlədən gübrə və pestid satışını həyata keçirir. Zəyəm Texnologiyalar Parkında torpaqsız şəraitdə bitkinin yetişdirilməsi, kompüter sistemi ilə gübrələmə və digər müasir texnoloji yenilikləri özündə birləşdirən qurğular və avadanlıqlar istehsal edilir. “Grow Group Azerbaijan” Azərbaycanda istixana biznesinin lideri hesab edilir. Bu şirkət ölkəmizdə istixana avadanlığının satışını və quraşdırılmasını həyata keçirir. Bundan başqa, müştərilərə müasir standartlar səviyyəsində tam avtomatlaşdırılmış plastik və şüşə istixana kompleksləri də təklif olunur. Həmçinin, ölkəmizdə istixana konstruksiyalarının və avadanlıqlarının satışı və quraşdırılması ilə məşğul olan bir çox xarici şirkətlər də fəaliyyət göstərir ki, onlara Fransanın “Richel”, Niderland Krallığının “Stolze”, İsrailin “Netafim” və s. şirkətlərini misal göstərmək olar. Azərbaycanda bağçılıq təsərrüfatları üçün toxum, gübrə və pestisid satışını həyata keçirən “Aqkimya” MMC, “GBR Trade” və s. yerli şirkətləri qeyd etmək olar. Bundan başqa, ölkəmizdə toxum, gübrə və pestisid satışını həyata keçirən Hessimo, “Yara Suomi Oi”, “Dr. Tarsa”, “Biolchim”, “BASF”, “UPL” və “Agrobest” kimi bir çox xarici şirkətlərin nümayəndəlikləri də fəaliyyət göstərir.