Bu gün meyvə-tərəvəz məhsullarının saxlanması üçün müasir tipli, sadə konstruksiyalı soyuducu anbarlardan istifadə olunur.
Hazırda istifadə olunan müasir soyuducu anbarların konstruksiyası sadə olub üzərində termostat quraşdırılmış kondisionerlərlə təchiz edilmişdir. Saxlama kamerasının divarları germetik materiallarla izolyasiya edilir. Burada kondisioner işə salınır və termostat müəyyən dərəcəyə nizamlanır ki, saxlama kamerasında lazımi temperatur alındıqda kondisionerin çöldə quraşdırılmış kompressoru dayanır. Məhsulun tənəffüs prosesini zəiflətmək və saxlama zamanı itki faizini azaltmaq məqsədilə saxlama kamerasının içərisində qaz mühiti (11 faiz CO2 -10 faiz O2-79 faiz H2) yaradılır. Bunun üçün soyuducu anbarın (və ya saxlama kamerası) çöl hissəsində diffuzor batareya (sulfidometr) quraşdırılır və kamerada qaz mübadiləsi (karbon qazı və oksigenin nisbəti) yaradılır. Nəticədə, saxlama zamanı oksigenin miqdarı 3-5 faiz aşağı salınır və karbon qazı isə 2-3 faiz yüksəlir. Bu proses sulfidometr vasitəsi ilə nizamlanır. Həmçinin, soyuducu anbarda hava axını yaratmaq üçün ventilyator da quraşdırılır. Həftədə bir dəfə göbələk xəstəliklərinə qarşı soyuducu anbarın içərisində kükürd yandırılmaqla dezinfeksiya aparılır və kamera ən azı 3-4 saat qapalı saxlanılır.
Əvvəlki soyuducu anbarlarla (nasos-kompressor qurğusu ilə işləyən və ammonyak qazı ilə soyudulan) müqayisədə müasir saxlama kameralarında məhsulun saxlanmasına az xərc çəkilir, itki faizi aşağı düşür və məhsulun keyfiyyəti cüzi dəyişir.
Hazırda ölkəmizdə böyük həcmli müasir soyuducu anbarlar fəaliyyət göstərir (Şəkil 6.6). Onlar tambur tipli dəhlizdən və ayrı-ayrı qapalı, izolə edilmiş kameralardan ibarətdir. Belə soyuducu kameralar məhsulları uzun zaman saxlamaq üçün nəzərdə tutulub, yəni soyuq və ya istiliyə az davamlı meyvə, tərəvəz və digər qida məhsulları üçün nəzərdə tutulmuşdur. Bu kameraların divarları və damı, adətən, sendviç (arası poliuritan köpük ilə doldurulmuş) panellərdən hazırlanır, havanın soyudulması isə evaporator və kondisioner vasitəsi ilə təmin edilir.
İxtisaslaşdırılmış anbarlar daha perspektivli olmaqla müxtəlif meyvə-tərəvəz məhsulları üçün ayrılıqda tikilə bilər. Tərəvəz saxlanılan anbarlar aşağıdakı kimi tikilə bilər: