Kənd təsərrüfatı məhsullarının istehsalı mövsümi xarakter daşıdığına görə əhalinin həmin məhsullara olan tələbatının il boyu, keyfiyyətini aşağı salmadan, fasiləsiz olaraq ödənilməsində soyuducu anbarların rolu böyükdür. Soyuducu anbarların hesabına fermerlərin istehsal etdikləri, tez xarab olan meyvə-tərəvəz məhsullarının uzun müddət, itkisiz saxlan-ması və satış dövrünün uzanması mümkün olur (Şəkil 6.1).
Hər bir məhsul istehsalı prosesinin sonu bazarda yekunlaşır. Bu baxımdan məhsulun yığımdan sonrakı taleyi daha çox diqqət tələb edən işlərdəndir. Bu mərhələdə adi bir diqqətsizlik xeyli məhsul itkisinə gətirib çıxarır. Məhsulların qiymətinin mövsümü olaraq həddən çox ucuzlaşdırılması, bazara çıxışın tənzimlənməməsi fermerlərin gəlirlərinin azalması, məhsul istehsalına marağın azalmasına səbəb olur. Xüsusilə, mövsüm ərzində bazara eyni vaxtda həddindən artıq çox məhsul çıxarıldıqda qiymət aşağı düşür. Belə hallar saxlanma müddəti qısa olan meyvə, giləmeyvə və tərəvəzlərin satışı zamanı daha çox müşahidə edilir. Odur ki, istehsal olunan məhsulların saxlanma müddəti uzadılmaqla daha yüksək gəlir əldə etmək üçün son dövrlərdə fermer təsərrüfatlarında iri və kiçik həcmli, müasir tipli soyuducu anbarlar (və ya saxlama kameraları) inşa edilir. Bu istiqamətdə ölkəmizdə dövlət dəstəyi hesabına müxtəlif regionlarda inşa edilən aqroparkları qeyd etmək olar. Aqroparklarda yaradılan müasir soyuducu kameralar fermerlərin məhsullarının saxlanılmasında xüsusi çəkiyə malikdir. Regional aqroparklarda yaradılan soyuducu anbarların əsas funksiyaları aşağıdakılardır:
Alıcılara təmiz və keyfiyyətli məhsulların çatdırılması üçün soyuducu anbarlardan düzgün istifadə etmək lazımdır. Bunun üçün anbarın iş prinsipi, ondan istifadə qaydaları, məhsulların saxlanma xüsusiyyətlərini bilmək olduqca vacibdir. Soyuducu anbarlar yığımdan sonra məhsulu aşağı temperaturda saxlamaqla mikrob və bakteriyaların fəaliyyətini zəiflədir, məhsulun saxlanma müddətini uzadır. Məhsul saxlama kameralarında düzgün rejimdə saxlanarsa, bazara təzə, dadlı və qidalı məhsul çıxarmaq mümkün olur.
Hazırda ölkəmizin bir çox regionlarında inşa olunan ixtisaslaşdırılmış soyuducu anbarlarda yığılmış məhsulun sortlaşdırılması, qablaşdırılması işləri aparılır və saxlama şəraitinə ciddi əməl edilməklə meyvə-tərəvəz məhsullarını 3-4 ay və daha çox keyfiyyətlə saxlamaq mümkün olur.