5.4.4. İstixanada torpaqaltı elektriklə qızdırma
Burada bir başa istilik verən elektrik naqilləri və ya spirallardan istifadə edilir (Şəkil 5.11). Bu cür qızdırma əsasən elektrik enerjisi çox olan coğrafi bölgələrdə tətbiq edilir. Burada güclü müqavimətə dözümlü naqillərdən və ya içərisinə spirallar qoyulmuş əriməyə davamlı borulardan istifadə olunur. İstifadə edilən naqillərin qalınlığı 1,1 millimetr olmalıdır. Naqillərin üzəri izolyasiya materialı ilə örtülməlidir. Torpaqaltı elektriklə qızdırma üçün əvvəlcə qrunt (döşəmə torpaq) üzərinə 15-20 santimetr qalınlığında qum tökülür, qumun üzərinə deşiklərinin diametri 4-6 millimetr olan qoruyucu tor (setka) qoyulur və onun üzərinə 8-12 santimetr dərinliyində elektrik naqilləri və ya spirallı borular yerləşdirilir. Qızdırıcı xətlər arası məsafə zonadan asılı olaraq 6-10 santimetr və ya daha geniş götürülür. Yenidən qızdırıcı xətlərin üzəri qumla örtülür. Qumun üzərinə qoruyucu tor (setka) qoyulur və onun üzərinə isə 30-50 santimetr qalınlığında qidalı torpaq tökülür. Bu cür qurulmuş elektrik qızdırıcısının gücü torpağı qızdırarkən 170-190 Vatt/kvadrat metr təşkil edir. Belə qızdırma üsulunda yaz istixanalarında aqrotexniki işlərə başlamamışdan qabaq donmuş torpağı 12-15°C qızdırmaq üçün 8-15 gün vaxt lazım gəlir. İsitməyə qədər torpaq səthi plyonka ilə kip örtülməlidir. Bir çox xarici ölkələrdə torpağı qızdırmaq üçün yaz istixanalarında bu üsul tətbiq edilir. |
|