Su ilə qızdırma təzyiq altında baş verir və bunun üçün sistemə nasos qurğuları quraşdırılır. Boru xəttinə filtrlərdən keçirilmiş təmiz su verilir. Su ilə qızdırma üsulunda qazanxanalardan istifadə edilir. Qazanxanada su təbii qaz, elektrik enerjisi ilə işləyən qazanlarda və ya mazutla işləyən peçlərdə (soba) qızdırılırb sistemə ötürülür.
Hal-hazırda 6-12 hektar və daha geniş istixanalar üçün qazan qurğuları tikilir. Qazanxanalar istixanada ən azı +15°C temperaturu təmin etməlidir.
Gələcəkdə enerji problemi ilə əlaqədar baş verə biləcək təhlükələri nəzərə alaraq qazanxanaları elə qurmaq lazımdır ki, onlar müxtəlif enerji mənbələri ilə işləyə bilsin. Məsələn, təbii qaz kəsildikdə, qazanxana elektrik enerjisi ilə işləyə bilməlidir.Su ilə isitmə sistemində iri diametrli borulardan istifadə edilir. Qazanxanalardan istixanaya qədər olan yolda istilik itkisinin qarşısını almaq məqsədilə borular yerin altı ilə aparılır, yaxud üzəri örtük materialı ilə sarınır. İstixana havasını qızdırmaq üçün metal borulardan, torpağı qızdırmaq üçün isə 40-45°C istiliyə dözümlü polietilen borulardan istifadə olunur.
Yerüstü borular aşınmaya qarşı materialla örtülür. Borulardan buraxılan suyun temperaturu 30-50°C arasında olmalıdır. Qazan qurğusunun qızdırılması üçün müxtəlif enerji növlərindən, daş kömür, torf, solyarka, ağ neft, mazut, təbii qaz, odun, elektrik enerjisi və s. istifadə edilir.
Su ilə qızdırmada sənaye tullantısı kimi isti sudan da istifadə edilir. Bu cür sular istilik elektrik stansiyasından, atom elektrik stansiyasından ayrılır. Həmin isti sular magistral borular vasitəsilə istixanaya gətirilir və istifadə edilir. Bundan başqa su ilə qızdırmada təbii isti sulardan da istifadə edilir. Burada əsas məsələ işlək boruların tez bir zamanda korroziyaya uğramasıdır. Bu da onunla izah edilir ki, həmin suların tərkibində çoxlu miqdarda mineral duzların olmasıdır.
Qış istixanalarında torpaq qızdırılmazsa, məhsulun yetişməsi 10-15 gün gecikə bilər. Bu baxımdan istixanalarda yeraltı torpaq qızdıran borulardan istifadə edilir. Torpaq qızdıran borular 40-50 santimetr dərinlikdə yerləşdirilir. Borulararası məsafə isə becərilən bitkinin cərgəarası məsafəsindən asılı olaraq 40-160 santimetr götürülə bilər. Torpağın qızdırılması zamanı bitkilərin kök sisteminin yerləşdiyi qatda (30-35 santimetr) temperatur 18-25°C arasında olmalıdır. Yeraltı borular qazanxana ilə əlaqəli olub, içərisində isti su dövr etməklə torpağı qızdırır.