Ölkəmizdə günəşlə qızdırma üsulundan əsasən yaz istixanalarında, parniklərdə və kiçik həcmli isidilən sahələrdə istifadə edilir. Günəş vasitəsi ilə qızdırılma digər üsullarla müqayisədə ucuz və xərcsiz hesab edilir. Lakin günəş üsulu ilə qızdırılmada düzgün örtük materialı seçilməlidir. Bunun üçün işığı özündən 80 faiz keçirən örtük materialları istifadə edilməli-dir.
Günəş şüasından yaxşı istifadə etmək üçün istixananın üst örtüyünün maillik bucağı nəzərə alınmalıdır. Belə ki, günəş şüası nə qədər iti bucaq altında düşərsə, istilik itkisi az olur. Lakin inşaat materialına qənaət etməklə örtülü qrunt üçün aşağıdakı mailliklər müəyyən edilmişdir: blok tipli qış istixanası üçün 25-30 dərəcə, yaz istixanaları üçün 18-23 dərəcə, anqar tipli istixana üçün 20 dərəcə və bir tərəfə mailli parniklər üçün isə 4-9 dərəcə.
Bundan başqa günəş şüasından səmərəli istifadə etmək üçün istixananın və digər qurğuların günəşə doğru qurulmasına fikir verilməlidir. Yəni, bir tərəfə mailli qurğuların mailliyini şimaldan-cənuba, iki tərəfə mailli qurğuların mailliyini isə şərqdən-qərbə doğru qurmaq lazımdır.
İstixanaların bioloji yanacaqla qızdırılmasında əsasən təzə və ya yarım çürümüş peyindən, torf, kompost, bitki mənşəli tullantılar və s. istifadə edilir.
İstixanalarda və parniklərdə istifadə olunan üzvü materialların mikroorqanizmlər vasitəsilə parçalanması zamanı ayrılan istiliyə bioloji qızdırılma deyilir (Şəkil 5.4).
Bioloji yanacaq növləri 3 qrupa bölünür:
Peyin daha çox istilik verən bioloji yanacaq hesab edilir. Peyinin parçalanması hesabına ayrılan minerallaşma məhsulları, CO2 və isti buxar (H2O) istixana daxilində istilik yaradır. Çöl şəraitində hər bir ton peyindən sutka ərzində 3-6 kiloqram CO2 ayrilir. Örtülü sahədə hər hektara 250-300 ton hesabi ilə peyin verilir ki, bu zaman sutkada hər hektardan 750-1800 kiloqram, yəni hər kvadrat metr sahədən 75-180 qram CO2 (karbon qazı) ayrılır. Deməli fotosintez prosesinin normal getməsi üçün istixanada bitkilərin karbon qazına olan tələbatının orta hesabla 25-30 faizi hər il istixanaya verilən peyinin hesabına təmin olunur.