Günəş şüaları bir başa istixanaya düşməklə istilik yaradır. Bioloji yanacaqla qızdırılma üsulunda peyin istixana və ya parnikin döşəməsinə və ya xəndəklərə tökülür, onun parçalanması nəticəsində ayrılan karbon qazı və buxar istilik yaradır. Göründüyü kimi hər iki üsulda texnoloji proseslər təbii yolla həyata keçirildiyinə görə sistem xarakterli heç bir cihaz, qurğu və ya avadanlıqdan isitifadə edilmir. Bu baxımdan istixananın istilik sistemi ifadəsi adətən texniki üsulla isitmədə işlədilir. İstixananın istilik sistemi dedikdə, istiliyin alındığı mənbədən ötürüldüyü və ya isidilən yerə qədər olan bütün cihaz, qurğu və avadanlıqların məcmusu başa düşülür. Məsələn, su ilə isidilən istixanaların istilik sistemi, qazanxadan istixana daxilindəki boru xətlərinə qədər olan cihaz, qurğu və avadanlıqlar kompleksini təşkil edir (Şəkil 5.1).
İstilik mənbəyi kimi günəş şüalarının böyük əhəmiyyəti var. Günəş şüaları bir başa istixanaya düşməklə istilik yaradır (Şəkil 5.2). Günəş şüalarının təsirilə parnikdə temperatur 5-20 dərəcə Selsi, istixa-nalarda isə daha çox yüksələ bilir. Bu isə cənub rayonlarında süni yolla alınan istilik xərclərinə 30-50 faiz qənaət etməyə imkan verir.
Günəşdən alınan orta və uzun dalğalı infraqırmızı şüalar əsas istilik mənbəyi hesab edilir. Şüşə 83-85 faiz işıq dalğası və 85 faiz qısa infraqır-mızı dalğanı özündən keçirir.
Sintetik pərdələr 5-10 faiz infra-qırmızı uzun dalğa, 70-80 faiz infraqırmızı qısa dalğa və 83-90 faiz işıq şüasını keçirdiyindən istixana tez qızır. Odur ki, günəşli günlərdə polietilen örtüklü istixanalar tez qızsa da, gecələr uzun dalğalı şüanın 80 faizini geri buraxdığından, tez də soyuyur. Bu baxımdan təkmilləşdirilmiş, xüsusi istilik saxlayan qurğular tətbiq etməklə, istixana daxilində günəş enerjisindən səmərəli istifadə etmək lazımdır (Şəkil 5.3). Buna misal olaraq günəş enerjisi və bioloji yanacaqla isidilən təkmilləşdirilmiş istixanaları qeyd etmək olar. Burada günəş istiliyini toplayan termoizolyasiyalı (istiliyi xaricə buraxmayan) panellər quraşdırılır. Onlar günəş istiliyini gündüzlər toplayır və axşamlar buraxaraq istixananı isti saxlayır. Günəş şüasının qalan hissəsi torpaq tərəfindən udulur və yaranan istilik alt qata keçir. Bu istilik, döşəmə altında, xəndəklərə doldurulmuş peyin+saman qarışığından alınan isti hava kütləsinə qarışaraq ventilyator vasitəsilə sovrulur və istixana daxilində paylanır. Bu şəkildə istixanada istilik dövranı gedir (Şəkil 5.3).