Bağçılıq təsərrüfatının normal inkişafını və istehsalın davamlılığını təmin etmək üçün ilkin olaraq mövcud imkanlar nəzərə alınmalıdır. Həmin imkanlara uyğun olaraq bağçılıqda fəaliyyət növləri müəyyən edilir. Məsələn, təsərrüfatın yerləşdiyi torpaq-iqlim şəraitinə və alıcıların marağına uyğun olaraq hansı növ meyvə-tərəvəz bitkilərinin əkilməsi və nə dərəcədə təsərrüfat üçün səmərəli olması müəyyən edilməlidir. Bunun üçün bağçılıqda fəaliyyətlərin planlaşdırılması, sahələr üzrə nəticələrin qeydiyyatı, təhlili və qiymətləndirilməsi həyata keçirilir.
Bağçılıqda fəaliyyətin planlaşdırılması dedikdə hansı növ meyvə-tərəvəz bitkilərinin becərilməsi və buna uyğun işlərin təşkili başa düşülür. Bunun üçün məhsul istehsalı və satışı ilə əlaqədar bütün ətraf mühit amilləri araşdırılmalı, məlumatlar toplanmalı, onlar təhlil edilməli və düzgün qərarlar qəbul edilməlidir. Bundan sonra bağçılıqda konkret fəaliyyət növü seçilir, buna uyğun olaraq proqnoz, yəni hədəflər müəyyən edilir və bu hədəflərə çatmaq üçün fəaliyyətlər planlaşdırılır. Qeyd olunanlardan aydın olur ki, bağçılıqda istehsalın təşkili və davamlı fəaliyyəti onun gələcək rəqiblərə qarşı rəqabət qabiliyyətindən asılıdır. Bunun üçün təsərrüfatın rəqabət qabiliyyəti düzgün təhlil edilməli və bunun üçün ətraf mühit amillərinə dair məlumatlar toplanmalıdır.