Hörmətli oxucu!
Bağçılıq ölkəmizdə sürətlə inkişaf edən aqrar istehsalın vacib sahələrindən biridir. Bura meyvəçilik, tərəvəzçilik, üzümçülük, subtropik bitkilər, çiçəkçilik kimi istiqamətlər daxildir.
“Bağçılıqda istehsalın təşkili" modulunda bağçılıq sahəsi üzrə təsərrüfat yerinin seçilməsi, işlərin planlaşdırılması, bağçılıq sahəsi üzrə təchizat və xidmət sahələri, təsərrüfatın rəqabət qabiliyyətinin təhlili, bağçılıqda mövcud istehsal vasitələrinin xüsusiyyətləri, onlara olan tələbatın müəyyən edilməsi, məhsulun keyfiyyətli saxlanması qaydaları, müasir saxlanma kameraları və bununla bağlı avadanlıqlar, o cümlədən örtülü şəraitdə məhsul istehsalının təşkili haqqında məlumatlar şərh olunur.
Sonuncu məsələyə modulda daha çox yer verilmişdir. Bizə məlumdur ki, örtülü sahələrdə bitkiçilik məhsulları istehsalının çox böyük əhəmiyyəti vardır. Hər şeydən əvvəl, örtülü sahələr bütün il boyu təzə meyvə-tərəvəz əldə etməyə imkan verir. Həmçinin, açıq sahə üçün şitil hazırlanır və bunun nəticəsində şitilsiz üsula nisbətən 20-30 gün tez məhsul alınır. Örtülü sahələrin digər əhəmiyyəti də ondan ibarətdir ki, cənub bitkilərini isti dövrü az olan şimal rayonlarına yaymaq mümkün olur. Bundan başqa açıq sahədə tam yetişməyən bitkiləri örtülü sahəyə köçürüb orada becərirlər. Ən başlıcası isə örtülü sahələr çox gəlirlidir.
"Bağçılıqda istehsalın təşkili" modulunda örtülü sahənin əhəmiyyəti, istixana qurğularının növləri, istifadəsi, bitkilərin normal inkişafı üçün süni ekoloji amillər kompleksinin yaradılması qaydası və s. məsələlər ətraflı şərh edilmiş və hər bir mövzuya uyğun praktik tapşırıqlar verilmişdir. Burada müxtəlif istilikxana konstruksiyaları, tipləri və avadanlıqları haqqında ümumi ilkin biliklər verilir, onların praktiki tətbiqi və təchizatı yolları aşılanır. Bu modul vasitəsilə təhsilalan soyuqdan qorunan sahələri tanıyır, bir-birindən fərqləndirir və təyinatına uyğun olaraq düzgün istifadə etməyi öyrənir. Həmçinin, onlara örtülü sahə qurğularının tipləri və məhsuldarlıq arasında əlaqə də öyrədilir.
Əziz təhsilalanlar! Siz bu modulda ztədris olunan mövzuları mənimsəməklə açıq və örtülü sahədə məhsul istehsalının təşkili qaydalarını öyrənəcəksiniz. Həmçinin örtülü sahələri tanımaqla, onlardan istifadə qaydalarını mənimsəyəcək, örtülü sahə ilə açıq sahəni bir-biri ilə əlaqələndirərək, örtülü sahənin özünə məxsus üstünlüklərini sərbəst şəkildə ayırd edəcəksiniz. Müasir istiхanalarda torpağı əvəz edən material və süni substratlar (hidroponika) haqqında məlumat əldə edəcək, istilikxana üçün hesablamalar aparmaq kimi praktiki vərdişlərə yiyələnəcəksiniz. Siz qeyd olunan bilik və bacarıqlara yiyələnməklə, gələcəkdə ixtisaslı kadr kimi aqrar sahədə peşə fəaliyyətini uğurla davam etdirə biləcəksiniz.