XIV yüzilliyin 70-ci illərində
Mərkəzi Asiyanı özünə tabe
edən Əmir Teymur diqqətini
İran coğrafiyasına yönəltdi.
1385—1388-ci illəri əhatə edən
üç illik yürüşündə o, İran, Ərəb
İraqı, Cənubi Qafqazı fəth
etdi. Bir çox Anadolu hakimləri
də onun hakimiyyətini
qəbul etdilər. Mühüm ticarət
məntəqələri olan Hələb və Şam
(Dəməşq) şəhərləri ələ keçirildi.
Həmin yüzilliyin 90-cı illərində
Əmir Teymur artıq hakimiyyətini
şərqdə Qobi səhrasından qərbdə
Aralıq dənizinədək geniş
ərazilərə yaya bilmişdi.
|
Əmir Teymurun diqqətini
İrana yönəltməsinin səbəbi
nə idi?
|
XIV yüzilliyin 80-ci illərində
Teymur Qızıl Ordu xanı
Toxtamışla toqquşmalı oldu.
Toxtamış Teymurun köməyi ilə
hakimiyyətə gəlmişdi.
|
Lakin Cənubi Qafqazın və
indiki Qazaxıstanın bir hissəsinin
Teymura tabe edilməsi onu
narazı salmışdı. Qızıl Ordu xanı
bu ərazilərin tabe edilməsini
Çingiz xanın vəsiyyətinin pozulması
kimi qiymətləndirirdi.
Buna görə o, Cənubi Qafqaz
və Mərkəzi Asiyaya yürüşlər
təşkil etdi. Onun bu addımı
Teymur ilə müharibələrə səbəb
oldu. Tərəflər arasında həlledici
döyüş 1395-ci ildə Terek çayı
sahilində baş verdi. Toxtamışın
ordusu darmadağın edildi, özü
isə döyüş meydanından qaçdı.
|
Geri çəkilən düşməni təqib
edən Əmir Teymur Saray-
Bərkəni tutub dağıtdı. Bu
hadisə sonralar Qızıl Ordudan
asılı olan Moskva knyazlığının
yüksəlişinə şərait yaratdı.
Əmir Teymur Moskvaya doğru
yönəlsə də, Mərkəzi Asiyada
qarışıqlıqların baş verməsi
xəbərini alıb geri döndü.
1398-ci ildə uğurlu Hindistan
səfəri nəticəsində Dehli sultanlığı
tabe edildi. Hindistandan
böyük qənimətlərlə dönən
Əmir Teymur diqqətini Osmanlı
dövlətinə yönəltdi. Osmanlı
sultanı I Bəyazid onun rəqibləri
olan Qara Yusifi və Cəlairi
sultanı Əhmədi himayə edirdi.
Bu isə Əmir Teymuru narazı
salmışdı. Osmanlı sultanı əsas
diqqətini Konstantinopolun fəthinə
yönəltsə də, Ön Asiyanın
ticarət məntəqələrinin Teymurun
nəzarətinə keçməsindən
narahat idi.
|