Xəritə əsasında XI əsrə qədər Bizansın hansı torpaqları itirməsini müəyyənləşdirin. |
Yustinianın ölümündən sonra hakimiyyətə gələn varisləri boşalmış xəzinə, müflisləşmiş əhali, sarsıdılmış ordu ilə bir neçə düşmənin əhatəsində aciz qalmışdı. Nəticədə Qərbdə ələ keçirilən torpaqların, demək olar ki, hamısı itirildi. VII yüzillikdə ərəblərin hücumları nəticəsində Bizansın Afrikada və Asiyadakı ən varlı əyalətlərinin çoxu əlindən çıxdı. Konstantinopol şəhəri bir neçə dəfə ərəb orduları tərəfindən mühasirəyə alındı. Zəifləyən dövlətin əlində Kiçik Asiya, Balkan yarımadasının cənubu və İtaliyada bəzi əyalətlər qaldı. X yüzilliyin ortalarında Abbasi xilafətinin dağılması və Bulqar dövlətinin zəifləməsi nəticəsində imperiyanın vəziyyəti bir qədər yaxşılaşdı. Yuxarı Mesopotamiya, Suriyanın bəzi əyalətləri, Krit və Kipr yenidən imperiyanın ərazisinə qatıldı. |
XI yüzilliyin ortalarında Bizansı
feodal ara müharibələri bürüdü.
Belə şəraitdə Səlcuq türkləri
1071-ci ildə Malazgird döyüşündə
Bizansı məğlub edərək
imperiyanın Kiçik Asiyadakı
mülklərini ələ keçirdilər.
|