Molekulunda iki və daha çox karbon atomu olan alkilhalogenid molekulunda halogen
atomunun birləşdiyi karbon atomunda olan hidrogen atomları daha asan əvəz
olunur. Məsələn, 1 mol xloretan 1 mol xlor ilə reaksiyaya daxil olduqda, əsasən,
1,1-dixloretan alınır.
Səbəbini necə izah edərsiniz?
Metanın xlorlu törəmələrindən dixlormetan, trixlormetan və tetraxlormetan adi şəraitdə
maye halda olan maddələrdir və həlledici kimi istifadə olunur. Tetraxlormetandan həmçinin
yanğının söndürülməsində istifadə olunur. O, maye haldadır və yanıcı deyil. Alovun
üzərinə əlavə edildikdə istilik udaraq buxarlanır (yanan hissənin soyumasına səbəb olur).
Onun buxarları havadan ağır olduğundan alovun üzərinə çökür və oksigenin daxil olmasının
qarşısını alır.
Alkanların halogenli törəmələri (freonlar) soyuducu qurğularda da istifadə olunur. Freonlar,
əsasən, metan və etanın halogenli törəmələridir. Lakin müəyyən edilmişdir ki, freonlar
atmosferdə ozonun parçalanmasına səbəb olur.
Metanın yodlu törəmələrindən CHl3 (yodoform) tibbdə antiseptik kimi istifadə olunur. Antiseptik
vasitələr açıq yaralara vurulur və bu hissəni çürüməkdən qoruyur.
Alkanlar kimyəvi cəhətdən passiv olduqlarından adi şəraitdə qatı turşularla belə reaksiyaya
daxil olmur. Lakin təzyiq altında və qızdırılma zamanı alkanlar duru nitrat turşusu
ilə əvəzetmə reaksiyasına daxil olur. Reaksiya zamanı alkan molekulundakı hidrogen
atomu nitroqrupla (-NO2) əvəz olunur (Konovalov reaksiyası):
Parçalanma reaksiyaları
a) Krekinq. Yüksək temperaturda alkanların parçalanması (krekinqi) baş verir. Reaksiya
zamanı doymuş və doymamış karbohidrogenlərin qarışığı əmələ gəlir.