Şaxəsiz quruluşlu C5 - C15 alkanlar adi şəraitdə maye, sonrakı homoloqlar isə bərk
haldadır.
Onlar üzvi həlledicilərdə (benzol, toluol, benzin və s.) yaxşı həll olur. Bərk halda olan
alkanlar iysiz olduğu halda, maye alkanlar benzinə oxşar iyə malikdir. Alkanlar bərk halda
molekul kristal qəfəsi əmələ gətirir.
Bərk halda olan alkanlar qarışığı parafinlər adlanır. Parafinlərdən, əsasən, şam istehsalında,
həmçinin tibbdə istifadə olunur. Parafinoterapiya dərini qidalandırır, maddələr mübadiləsini
yaxşılaşdırır, oynaq ağrıları xəstəliklərinin müalicəsində təsirli olur.
Karbon atomlarının sayı (nisbi molekul kütləsi) artdıqca şaxəsiz alkanların qaynama temperaturu
və sıxlığı artır.
İzomer alkanlardan şaxəsiz quruluşlu alkanın sıxlığı və qaynama temperaturu
şaxəli quruluşludan
çox olur. Şaxələnmə artdıqca qaynama temperaturları daha da azalır. Bu qanunauyğunluğun
səbəbini necə izah edərsiniz?
Butanın və izobutanın qaynama temperaturu və sıxlığının müqayisəsi cədvəldə verilmişdir:
İzomer |
Qaynama
temperaturu, °C |
Sıxlıq, q/sm3 |
n-Butan |
-0,5 |
0,622 |
İzobutan |
-11,7 |
0,604 |
Cədvəldən göründüyü kimi, n-butanın qaynama temperaturu və sıxlığı izobutandan çoxdur.
Buna səbəb n-butan molekullarının izobutan molekullarına nisbətən daha sıx qablaşmasıdır.
Bu səbəbdən n-butan molekulları arasında molekullararası qarşılıqlı təsir qüvvələri
izobutan molekullarından daha çox olur. Eyni qanunauyğunluq digər izomerlərdə də olur.
Yanma reaksiyaları
Alkanlar ucuz yanacaq mənbəyidir. Məişətdə və qazanxanalarda yanacaq kimi təbii qazdan
istifadə olunur. Təbii qazın nəqli və istifadəsi digər yanacaqlarla müqayisədə əlverişlidir.
Onun yanması zamanı digər üzvi yanacaqlardan daha az zərərli maddələr ayrılır.
Deməli, təbii qaz digər yanacaqlardan ekoloji cəhətdən ən təmizidir.