(əsasən, alkan, tsikloalkan və aromatik karbohidrogenlər) daxil olduğundan
onun qaynama temperaturu sabit deyil. Tərkibindən asılı olaraq neft müxtəlif temperatur
intervalında qaynayır.
Tapıldığı yerdən asılı olaraq neft müxtəlif
tərkibdə ola bilər. Belə ki Bakı nefti tsikloalkanlarla,
Qroznı nefti doymuş karbohidrogenlərlə,
Ural nefti isə aromatik karbohidrogenlərlə
daha zəngindir. Sıxlığına görə
yüngül və ağır neftlər fərqləndirilir.
Naftalan nefti 70-dən artıq xəstəliyin
müalicəsində istifadə olunur. Məşhur səyyah
Marko Polo Naftalan neftini "dəri xəstəliklərinin
çarəsi olan sehrli məlhəm" adlandırmışdı.
Dünyada neft ehtiyatları 550-600 milyard ton qiymətləndirilir. Müasir dövrdə hər il dünyada
3 milyard ton neft çıxarılır. Onun əsas hissəsi müxtəlif növ yanacaqların və sürtkü materiallarının
istehsalında xammal kimi istifadə olunur. Neft kimya sənayesi üçün də qiymətli xammaldır.
Neftdən ayrılan maddələrdən sintetik kauçuklar, dərman preparatları, sintetik ipəklər,
sabunlar, plastik kütlələr, partlayıcı maddələr və bir çox digər məhsullar alınır.
Neftlə birlikdə çıxan qazlar
Neftlə birlikdə çıxan qazlar neft layının üzərində və ya təzyiq altında neftdə həll olmuş şəkildə
olur. Neftin çıxarılması zamanı onun səthində təzyiq azaldığından qazın həllolması azalır
və o, neftdən ayrılır. Əvvəllər neftlə birlikdə çıxan qazların tətbiq sahəsi tapılmadığından
çıxarıldığı mədəndə yandırılırdı. Müasir dövrdə bu qazlar, demək olar ki, tam ayrılaraq təbii
qaz kimi yanacaq və kimya sənayesində xammal kimi istifadə olunur. Neftlə birlikdə çıxan
qazların tərkibində metandan başqa, kifayət qədər etan, propan, butan və pentan vardır.
Buna görə də təbii qazla müqayisədə neftlə birlikdə çıxan qazları kimyəvi emala uğratmaqla
daha çox məhsul almaq olar. Təbii qazla müqayisədə neftlə birlikdə çıxan qazlarda metanın
miqdarı az, onun homoloqlarının miqdarı isə çoxdur.
Qaz emalı zavodlarında neftlə birlikdə çıxan qazlar aşağıdakı fraksiyalara ayrılır:
Qaz benzini tərkibində asanuçucu karbohidrogenlər (pentan, heksan və s.) saxlayır. Qaz
benzini mühərriklərin işə salınmasını yaxşılaşdırmaq üçün benzinə əlavə edilir.
Propan-butan qarışığı (sıxılmış qaz) məişətdə və avtomobillər üçün yanacaq kimi istifadə
olunur.