Reaktivlər və avadanlıq: 2 sınaq şüşəsi, spirt lampası, KMnO4 məhlulu, benzol, toluol,
qatı sulfat turşusu
İşin gedişi: Sınaq şüşələrindən birinə 2-3 ml benzol, digərinə isə həmin həcmdə
toluol əlavə edin. Sonra hər bir sınaq şüşəsinə 1 ml 0,1%-li KMnO4 məhlulu və 1-2
damcı qatı sulfat turşusu əlavə edib məhlulları ehtiyatla qızdırın. Hər iki sınaq şüşəsinə
lakmus kağızı daxil edin.
Nə müşahidə etdiniz?
Baş verənləri necə izah edərsiniz?
Reaksiya tənliyini necə təklif edərsiniz?
Benzol oksidləşdiricilərin təsirinə qarşı davamlıdır və o kalium-permanqanat məhlulunu
rəngsizləşdirmir. Benzoldan fərqli olaraq onun homoloqları qızdırılma zamanı kalium-permanqanat
məhlulunu rəngsizləşdirir. Məsələn, toluolun üzərinə kalium-permanqanat məhlulu
əlavə edib qızdırsaq, məhlulun bənövşəyi rənginin tədricən itdiyini müşahidə edərik.
Məlumdur ki, alkanlar (məsələn, metan) kalium-permanqanat məhlulunu rəngsizləşdirmir.
Lakin metan molekulunda olan hidrogen atomunun birini fenil qrupu ilə əvəz etdikdə alınan
birləşmə (toluol) KMnO4 ilə oksidləşir. Toluol molekulunda metil qrupunun oksidləşməsi
benzol nüvəsinin metil qrupuna təsiri ilə izah olunur. Metanla müqayisədə benzol
halqası CH3- radikalından elektron sıxlığını özünə doğru cəzb edir. Nəticədə CH3-də
olan hidrogen atomlarının mütəhərrikləşməsi ilə reaksiya qabiliyyəti artır.
Eyni şəraitdə p-ksilolun oksidləşməsindən tereftal turşusu alınır.