Qarışıq saxlayan sınaq şüşəsini qaz lampası ilə əwəlcə bərabər şəkildə, sonra isə qarışığı
saxlayan hissəni güclü qızdırın. Alınan maddənin suda həll olmasını yoxlayın.
Nə müşahidə etdiniz?
Natrium-benzoatın natrium-hidroksidlə reaksiya tənliyini necə təklif edərsiniz?
Bu reaksiyadan hansı üzvi maddə alınmışdır?
Alınan maddənin iyi və suda həll olması haqqında nə deyə bilərsiniz?
Bu maddəni sudan hansı üsulla ayıra bilərsiniz?
Laboratoriyada benzol aşağıdakı üsullarla alınır:
1. Benzoy turşusunun duzlarının qələvilərlə əridilməsindən.
2. Fenolun sink tozu ilə qızdırılmasından.
Fiziki xassələri
Benzol sırası karbohidrogenlərin ilk nümayəndələri xoş iyli maddələrdir. Bu səbəbdən onlar
tarixən aromatik karbohidrogenlər kimi adlandırılmışdır. Sonralar müəyyən edildi ki, aromatik
karbohidrogenlərin digər nümayəndələri iysizdir və ya xoşagəlməz iyə malikdir. Buna baxmayaraq,
bu karbohidrogenlərin tarixi adı saxlanılmışdır. Adi şəraitdə benzol rəngsiz, uçucu,
spesifik iyli mayedir. Sudan yüngüldür və suda həll olmur. Benzol bir sıra maddələr üçün
yaxşı həlledicidir. O, soyudulduqda ağ kristal kütlə şəklində donur. Benzol və onun buxarı
zəhərlidir.
Toluol, etilbenzol və s. sudan yüngül, suda həll olmayan mayelərdir. Toluol ağ fosfor, kükürd
və bir sıra maddələrin həlledicisidir. Nisbi molekul kütləsi artdıqca benzol sırası karbohidrogenlərin
qaynama temperaturu artır.