Alkadienlərə neytral və ya zəif qələvi mühitdə KMnO4-ün duru məhlulu ilə təsir etdikdə
adi şəraitdə reaksiya baş verir. KMnO4 məhlulunun bənövşəyi rəngi dərhal itir və qəhvəyi
rəngli MnO2 çöküntüsü alınır. Bu reaksiya digər doymamış karbohidrogenlərdə olduğu
kimi, alkadienlərin də təyini reaksiyasıdır.
Polimerləşmə reaksiyası
Alkadienlərin molekulunda karbon atomları arasında ikiqat rabitə olduğundan onlar polimerləşir.
Divinil və izoprenin polimerləşməsindən kauçuklar alınır. “Kauçuk” ağacın “göz
yaşı” deməkdir. İnsanlara ilk məlum olan kauçuk təbii kauçukdur. Bu kauçuk Mərkəzi və
Cənubi Amerikada bitən heveya ağacının şirəsidir. Mərkəzi və Cənubi Amerikanın yerli
əhalisi (hindular) heveya ağacının qabığının bir hissəsini soyaraq ayrılan şirəni toplayırdılar.
Onlar təbii kauçukdan müxtəlif məişət qablarının, su keçirməyən məhsulların hazırlanmasında
yapışdırıcı kimi istifadə edirdilər. Həmçinin onlar bu kauçukdan toplar hazırlayır və
müxtəlif oyunlarda istifadə edirdilər. Bu toplar dəri toplardan ağır, lakin daha çox sıçrayışlı
olurdu. Təbii kauçuk Amerikanın kəşfi zamanı Kolumbun diqqətini də çəkmişdir.
Təcrübi olaraq müəyyən edilmişdir ki, təbii kauçuku təşkil edən makromolekulların
tərkibi aşağıdakı kimidir:
Bu makromolekul hansı maddənin polimerləşmə məhsuludur?
Sizcə, bu makromolekul əmələ gələn zaman monomerlərin bir-birinə birləşməsi 1,2-, yoxsa
1,4- vəziyyətdə baş verir?
Bu polimerləşmə reaksiyasının tənliyini necə təklif edərsiniz?