Verilənlər bazasını yaratmaq üçün öncə onu layihələndirmək, yəni onun hansı cədvəllərdən təşkil ediləcəyini, hər cədvəldə hansı sahələrin olacağını, onların hansı ardıcıllıqla yerləşəcəyini, hər bir sahənin adını və tipini müəyyənləşdirmək lazımdır. Sahələrin adlandırılması proqramlaşdırma dillərində dəyişənlərə ad verilməsi kimidir: onun anlaşılan olması, yəni ifadə etdiyi xassəyə uyğun gəlməsi, çox uzun olmaması məqsədəuyğundur. Sahənin tipi onun hansı qiymətləri ala biləcəyini və onunla hansı əməliyyatları aparmağın mümkünlüyünü bildirir. Cədvəlin hər hansı sahəsində yalnız bir tip verilənlər saxlanılır. Access bazasında verilənlərin əsas tipləri bunlardır: Text (Mətn), Number (Ədəd), Date/Time (Tarix/Zaman), AutoNumber (Sayğac), Yes/No (Məntiqi), Hyperlink (Hiperistinad), Currency (Pul), MEMO (Yaddaş).
"Map" (Xəritə) adlandıracağımız bu verilənlər bazası üç cədvəldən ibarət olacaq: "Qitələr", "Ölkələr", "Yaşayış məntəqələri". Bu cədvəllərin hər birinin strukturunu təsvir edək.
"Qitələr" cədvəlinin strukturu
Açar sahə | Sahənin adı | Verilənin tipi |
# |
QitəninKodu QitəninAdı QitəninSahəsi |
Sayğac Mətn Ədəd |
"Ölkələr" cədvəlinin strukturu
Açar sahə | Sahənin adı | Verilənin tipi |
# |
ÖlkəninKodu ÖlkəninAdı DövlətQuruluşu PulVahidi ÖlkəninSahəsi İnternetÜnvanı |
Sayğac Mətn Mətn Mətn Ədəd Hiperistinad |
"Yaşayış məntəqələri" cədvəlinin strukturu
Açar sahə | Sahənin adı | Verilənin tipi |
# |
MəntəqəninKodu MəntəqəninAdı CoğrafiEnlik CoğrafiUzunluq MəntəqəninTipi (şəhər, kənd...) Əhalisi |
Sayğac Mətn Ədəd Ədəd Mətn Ədəd |
Hər bir sahənin mənası adından aydın olur. Hər cədvəldə Sayğac (AutoNumber) tipli sahə verilib və o, açar sahə kimi qeyd olunub. “Qitələr” və “Ölkələr” cədvəllərində belə sahəni daxil etməmək də olardı, sadəcə, uyğun olaraq qitənin adını və ölkənin adını açar sahə kimi elan etmək olardı. Ancaq proqram mühitində ədədi sahələrlə işləmək daha “asandır”. “Yaşayış məntəqələri” cədvəlində isə açar kimi iki sahəni - CoğrafiEnlik və CoğrafiUzunluq sahələrini birlikdə götürmək olardı.