3.4 CƏDVƏL STRUKTURUNUN YARADILMASI
Verilənlər bazasının hazırlanmasına dair konkret nümunəyə baxaq. Hər biriniz coğrafi atlasdan istifadə etmisiniz. Orada əsas coğrafi obyektlər - qitələr, ölkələr, şəhərlər, okeanlar, dənizlər, çaylar və başqa obyektlər haqqında informasiya xəritələr şəklində təqdim olunur. Xəritələrlə yanaşı, bəzən əlavə informasiya da (məsələn: hər bir ölkənin bayrağı, sahəsi, əhalisi, pul vahidi və s.) yerləşdirilir.
Atlasda axtarış yetərincə çox vaxt aparır. Hər hansı şəhərin hansı ölkədə, hansı qitədə yerləşdiyini bilmirsinizsə, həmin şəhəri xəritədə tapmaq müşkülə çevrilə bilər. Şəhərin yeri haqqında nə qədər çox informasiyanız olarsa, onu daha tez tapa bilərsiniz. Ən sürətli axtarış üsulu isə obyektin coğrafi enlik və uzunluğuna görə mümkündür.
Coğrafi obyektlər haqqında informasiyanı təqdim etməyin daha səmərəli üsulu isə verilənlər bazasından istifadə etməkdir. Belə bir verilənlər bazasını yaratmağa çalışaq.
Verilənlər bazasının tərkibinə daxil olan faylların əksəriyyəti cədvəllərdir. Cədvəllər verilənlər bazasının əsasıdır və bütün zəruri informasiya onlarda saxlanılır. Hər bir cədvəl müəyyən əlamətlərə görə birləşdirilmiş və eyni xassələrə malik verilənlər yığınıdır. Verilənlər bazasında hər bir cədvəlin bənzərsiz adı olur. Bildiyiniz kimi, cədvəllər sahə və yazılardan ibarətdir. Hər bir sahə obyektin müəyyən xassəsini ifadə edir. Cədvəl daxilində hər bir sahənin adı bənzərsiz olmalıdır, yəni bir cədvəldə iki eyniadlı sahə ola bilməz.