İkinci cədvəldən bir rəssamın bir neçə əsər müəllifi olduğunu görmək olar, ancaq hər bir əsərin yalnız bir müəllifi var. Belə halda deyirlər ki, bu cədvəllər relyasiyalı (əlaqəli) verilənlər bazasını təşkil edir və "birin-çoxa" (1 - ∞) münasibətilə bağlıdır. Göründüyü kimi, ikinci cədvəldə rəssamların adlarını qeyd etməyə ehtiyac qalmır. Sadəcə, onların "Rəssamlar" cədvəlində olan rəssamın kodunu göstərmək kifayətdir.
Praktik olaraq hər bir cədvəlin başlıca açarı olmalıdır. Başlıca açar (primary key) hər hansı cədvəldə xüsusi sahədir və cədvəldəki yazılar avtomatik olaraq başlıca açara görə sıralanır; məsələn, birinci cədvəldə açar kimi Rəssamın kodu sahəsi, ikinci cədvəldə isə Əsərin kodu sahəsi qəbul olunur. Açar sahə # işarəsi ilə qeyd olunub.
Nümunədə göstərilmiş verilənlər bazasının relyasiyalı modelini sxematik belə göstərmək olar:
ARAŞDIRAQ — öyrənək
Ali məktəb məzunları haqqında aşağıdakı struktura uyğun “Məzunlar” cədvəli yaradılır. Göstərilən sahələrdən hansı açar kimi götürülə bilər? Cədvəldə zəruri olan hansı sahələr çatışmır?
Diplomun seriya və nömrəsi |
Soyadı | Adı | Atasının adı | Bitirdiyi ali məktəb |
HC 015361 | Məmmədli | Günay | Orxan | BDU |
BM 345612 | Səmədov | Vüsal | Zamiq | BDU |
AC 190392 | Quluzadə | Günay | Kamal | AzTU |
... | ... | ... | ... | ... |