Verilənlər modelinin nisbətən yeni - obyekt-yönlü növünün ilk standartı 1993- cü ildə qəbul olunub. Bu növ verilənlər modelinin relyasiyalı modeldən əsas fərqi yeni verilənlər tipinin yaradılması və istifadəsi imkanıdır.
Yenidən relyasiyalı verilənlər modelinə qayıdaq. Bu modelin əsas üstünlüklərindən biri ondakı verilənlərin hamısının eyni cür cədvəllərdə saxlanılmasıdır. Hazırda praktik istifadə olunan müxtəlif miqyaslı verilənlər bazalarının hamısında relyasiyalı modeldən istifadə edilir. Ona görə də bundan sonra verilənlər bazası dedikdə söhbətin relyasiyalı modelə əsaslanan verilənlər bazasından getdiyi nəzərdə tutulacaq.
"Azərbaycan rəssamları" verilənlər bazası üçün relyasiyalı model tərtib edək. Bunun üçün bir-biri ilə əlaqəli iki cədvəl hazırlayaq: "Rəssamlar" və "Əsərlər". Aydındır ki, "Rəssamlar" cədvəlində "Əsərlər" cədvəlindən daha az yazı olacaq. Hər cədvəlin bir neçə yazısını göstərək.
Cədvəl: "Rəssamlar"
Rəssamın kodu | Rəssamın adı və soyadı | Doğum tarixi |
1 | Səttar Bəhlulzadə | 1909 |
2 | Toğrul Nərimanbəyov | 1930 |
3 | Tahir Salahov | 1928 |
... | ... | ... |
Cədvəl: "Əsərlər"
Əsərin kodu | Əsərin adı | Rəssamın kodu |
1 | "Babək üsyanı" | 1 |
2 | "Fətəli xan" | 1 |
3 | "Azərbaycan nağılı" | 1 |
4 | "Şərq nağılı" | 2 |
5 | "Çinar" | 2 |
6 | "Göyçayda payız" | 2 |
7 | "Abşeronda səhər" | 3 |
8 | "Koroğlu" | 3 |
9 | "Qız qalası" | 3 |
Relyasiyalı cədvəlin bir xanasında parametrin birdən artıq qiyməti göstərilə bilməz; məsələn, cədvəlin belə göstərilməsi yanlışdır:
Rəssam | Əsərin adı |
Tahir Salahov |
"Abşeronda səhər" "Koroğlu" "Qız qalası" |
Sütunun bütün elementləri eyni tipə (ədədi, simvol və s.) və formata malik olmalıdır. Hər sütunun (sahənin) unikal adı olmalıdır, yəni cədvəldə eyniadlı iki sahə ola bilməz. Fərqli cədvəllərdə eyniadlı sahənin olması da məqsədəuyğun deyil. Cədvəldə eyni sətirlər (yazılar) olmamalıdır.