Edqar Kodd
(1923-2003)
Britaniya alimi, relyasiyalı verilənlər modelinin yaradıcısı.
İnformatikanın başqa sahələrinin inkişafında da önəmli xidmətləri olub. Verilənlər bazalarının idarəedilməsi sistemlərinin nəzəriyyə və praktikasının inkişafına verdiyi əsaslı töhfələrə görə 1981-ci ildə informasiya texnologiyaları sahəsində ən nüfuzlu beynəlxalq mükafat olan Türinq mükafatına layiq görülüb.
İstehsalatda istifadə olunan ilk verilənlər bazalarında ağac şəklində göstərilə bilən iyerarxik verilənlər modelindən istifadə olunurdu. Bu növ modelin tətbiq olunduğu ən məşhur verilənlər bazası IBM şirkənin hazırladığı və "Apollon" layihəsində istifadə edilmiş IMS (Information Management System) sistemi olmuşdur.
Şəbəkə verilənlər modelinin ilk praktik tətbiqlərindən biri General Electric şirkətində yaradılmış Integrated DataStore (IDS) idi. Bu növ verilənlər modelinin reallaşdırılması yetərincə mürəkkəbdir və təkcə layihəçilər və proqramçılar üçün deyil, istifadəçilər üçün də kifayət qədər şəffaf deyil. Ona görə də IBM şirkətinin əməkdaşı, riyaziyyat doktoru E.F.Kodd tərəfindən 1970-ci ildə təklif olunan relyasiyalı model göstərilən hər iki modeli meydandan uzaqlaşdırdı.
İyerarxik verilənlər modelinin əsas anlayışları səviyyə, element və əlaqədir. Bu modeldə hər hansı obyekti təsvir edən verilənlər yığını ağacşəkilli strukturun bəndlərində (təpələrində) göstərilir. Aşağı səviyyədə yerləşən hər bir bənd daha yuxarı səviyyədəki yalnız bir bəndlə əlaqəli olur. İyerarxik ağacın yalnız bir kök təpəsi olur və bu təpə ən yuxarı (birinci) səviyyədə yerləşir.
Bu modeldə verilənlər bazasının hər bir yazısına kök yazıdan yalnız bir yol var; məsələn, C4 yazısına yol A və B3 yazılarından keçir.