Oxuduğunuz yeni bədii əsər, yaxud baxdığınız film xoşunuza gələrsə, yəqin ki, həmin əsərin müəllifi və ya filmin rejissorunun kimliyi ilə maraqlanacaq, onun həyat və yaradıcılığı haqqında informasiya toplamağa çalışacaq, başqa əsərlərini oxuyacaqsınız (və ya filmlərinə baxacaqsınız). Bu məlumatların həcmi yetərincə böyük olarsa, əsas faktları və əsər (film) haqqında fikirlərinizi bir yerə qeyd edəcək, başqa sözlə, informasiyanı saxlayacaqsınız. Əlbəttə, əsər barədə təəssüratlarınızı dostlarınızla da bölüşəcək, yəni aldığınız informasiyanı ötürəcəksiniz.
Oxuduqlarınız (baxdıqlarınız), təəssüratlarınız və düşüncələriniz əsasında əsərin baş qəhrəmanlarının hərəkətləri haqqında öz nəticələrinizi çıxara, əsər haqqında inşa yaza və ya təqdimat hazırlaya, başqa sözlə, informasiyanı emal edə bilərsiniz. Əgər etdiyiniz qeydləri başqalarının oxumasını istəmirsinizsə, kənar adamların ona çıxışını məhdudlaşdıracaq, yəni informasiyanı qoruyacaqsınız. Bu nümunədə siz informasiyanı topladınız, onu saxladınız, ötürdünüz, emal etdiniz və qorudunuz. Bütün bu əməliyyatlara informasiya prosesləri deyilir.