Verilənlər bazasının mərkəzi obyekti cədvəldir. Hazırda cədvəl əsasında olan verilənlər bazaları daha çox yayılıb. Ən sadə verilənlər bazasında da ən azı bir cədvəl, gerçək verilənlər bazasında isə, adətən, onlarca cədvəl olur. Cədvəl sətir və sütunlardan ibarətdir. Baxdığımız misalda cədvəlin hər bir sətri bir avtomobil haqqında informasiyanı özündə saxlayır. Verilənlər bazası sistemlərində, adətən, sətir əvəzinə yazı termini işlədilir. Beləliklə, verilənlər bazasının hər bir cədvəli yazılardan ibarətdir. Cədvəlin hər bir sütunu avtomobilin bir xarakteristikasını təsvir edir. Verilənlər bazasında belə sütunları sahə adlandırırlar. Beləliklə, hər bir yazı sahələrdən təşkil olunub.
Nümunədə verilmiş cədvəldə hər bir yazı 6 sahədən ibarətdir (əslində, avtomobil müfəttişliyinin gerçək verilənlər bazasında daha çox sahə olur). Hər bir sahə adıyla və verilənlərin tipi ilə xarakterizə olunur. Nümunədəki cədvəldə Nömrə nişanı, Markası, Rəngi, Buraxılış ili, Qeydiyyat ili, Sahibi sahələrdir. Verilənlər bazasında sahələrin müxtəlif tipləri ola bilər: mətn, ədəd, tarix, zaman, pul və s. Baxdığımız nümunədə sahələrin adları birinci sətirdə, hər bir sahənin qiymətləri isə uyğun sütunda göstərilib.
Beləliklə, verilənlər bazasının yaradılmasının əsas mərhələsi yazının strukturunun hazırlanmasıdır.