Əlbəttə, bir neçə ayrı-ayrı kartoteka düzəltmək olardı: məsələn, avtomobilləri birində nömrələrinə, başqasında rənglərinə, üçüncüsündə isə ayrı bir əlamətə görə nizamlamaq olardı. Ancaq eyni məlumatların bir neçə cədvəldə təkrarlanması işin həcmini əhəmiyyətli dərəcədə artırır, çünki hər bir avtomobil haqqında bir neçə kart doldurmaq lazım gəlir. Bundan başqa, real informasiya sistemlərində çoxsaylı müxtəlif verilənlər saxlanılır. Belə sistemlərdə axtarışın hansı əlamətə (yaxud əlamətlərə) görə aparılacağını qabaqcadan demək mümkün olmur. Bu cür məsələlərin həlli, yəni lazım olan informasiyanın məqbul zamanda tapılması yalnız kompüterlərin meydana çıxmasından sonra mümkün olmuşdur.
Hesablama texnikasının inkişafının ilk çağlarında emal edilən verilənlər proqramın bir his- səsi idi: onlar bilavasitə proqram kodundan sonra, "verilənlər seqmenti" adlandırılan hissədə yerləşdirilirdi. Növbəti addım verilənlərin ayrıca fayllarda saxlanması oldu. Bu yanaşmaların hər ikisinin çox ciddi çatışmazlığı vardı: proqram verilənlərdən asılı idi. Belə ki, verilənlərin strukturu haqqında informasiya proqram koduna daxil idi və verilənlər strukturunda hər hansı dəyişiklik üçün proqramın özündə dəyişiklik etmək lazım gəlirdi.
Bu təkamülün məntiqi nəticəsi verilənlərin təsvirinin proqram kodundan kənara - verilənlər massivinə çıxarılması oldu. Bu da verilənlərin proqramdan "müstəqilliyini" təmin etməyə imkan verdi.
Kompüterlərdə informasiyanı nizamlı saxlamaq və axtarmaq üçün verilənlər bazası adlandırılan xüsusi proqram sistemlərindən istifadə olunur. Məlumatların kompüterdə verilənlər bazası şəklində saxlanılması həmin məlumatların çevik olaraq tapılmasını, çap olunmasını, istifadəsini asanlaşdırır.
Verilənlər bazası (ingiliscə: database) informasiyanın, yaxud verilənlərin nizamlı yığınıdır. Verilənlər bazasında verilənlər və onların təsviri bir yerdə saxlanılır.