Bildiyiniz kimi, kompüter qrafikası ilə işləmək üçün çoxlu sayda cürbəcür proqramlar olsa da, yalnız üç növ kompüter qrafikasını fərqləndirirlər: rastr qrafikası, vektor qrafikası və fraktal qrafika. Onlar bir-birindən monitorun ekranında, yaxud kağızda əks olunan görüntülərin formalaşma prinsiplərinə görə fərqlənir.
Kompüter qrafikasını başqa cür də təsnif etmək olar: ikiölçülü qrafika (2D-qrafika) və üçölçülü qrafika (3D-qrafika).
Bu gün kompüter qrafikasından bir çox sahələrdə istifadə olunur. Onlardan bəziləri ilə qısaca tanış olaq.
Elmi qrafika. Bu, kompüter qrafikasının tətbiq olunduğu ilk sahədir. Burada başlıca məqsəd elmi tədqiqat obyektlərini vizuallaşdırmaq (əyani göstərmək), hesablamaların nəticələrini əyani göstərməklə hesablama eksperimentləri aparmaq olmuşdur.
Müasir riyazi proqram paketlərinin əksəriyyəti (məsələn: Maple, MatLab, MathCAD) müəyyən hesablamalar əsasında qrafiklər, səthlər və üçölçülü cisimlər qurmaq imkanına malikdir.
İşgüzar qrafika. Kompüter qrafikasının bu sahəsi müxtəlif müəssisələrin işində tez-tez istifadə olunan illüstrasiyaların yaradılması üçün nəzərdə tutulub. Plan göstəricilərinin, hesabat sənədləşmələrinin, statistik məlumatların hazırlanmasında işgüzar qrafikadan istifadə olunur. Çox zaman bunlar qrafiklər, dairəvi və zolaqlı (sütunlu) diaqramlar olur.
Konstruktor qrafikası. Kompüter qrafikasının bu növü avtomatlaşdırılmış layihələndirmə (computer-aided design, CAD) sistemlərinin başlıca elementidir və mühəndis-konstruktorlar tərəfindən istifadə edilir. CAD sistemlərində qrafikadan layihələndirilən qurğuların texniki sxemlərinin hazırlanmasında istifadə olunur. Hesablamalarla əlaqəli qrafika əyani formada optimal konstruksiyanın, detalların ən münasib tərtibatının axtarışını aparmağa, konstruksiyadakı dəyişikliklərin nəticələrini proqnozlaşdırmağa imkan verir. Konstruktor qrafikası vasitəsilə istər ikiölçülü (proyeksiyalar, kəsiklər), istərsə də üçölçülü fəza görüntüləri almaq mümkündür.
Obrazların tanınması. Qrafik informasiyanın tanınması və təsnif olunması məsələsinin həlli süni intellektin yaradılmasında əsas problemlərdən biridir. Bu gün kompüterlər vasitəsilə obrazların tanınmasına çox yerdə rast gəlmək olar: axtarışda olan cinayətkarın tanınması sistemləri; aero və kosmik fotoşəkillərin analizi; çeşidləmə sistemləri və s. Mətnlərin skanerdən keçirilməsi və onların “şəklinin” ayrı-ayrı simvollar yığınına çevrilməsi obrazların tanınmasına ən gözəl örnək ola bilər.