2.7 KOMPÜTER QRAFİKASI
İlk kompüterlərdə qrafik obyektlər yaratmaq üçün, demək olar ki, heç bir vasitə yox idi. O zamanlar ekrana yalnız simvollar - hərflər, rəqəmlər və xüsusi işarələr çıxarmaq olurdu. Ancaq elə onda da proqramçılar kompüterdən “rəsm aləti” kimi istifadə etməyə cəhd göstərirdilər; məsələn, kompüter proqramının köməyi ilə simvollardan tərtib olunmuş məşhur “Mona Liza” şəklini həmin dövrün insanları, yəqin ki, xatırlayırlar.
Sonrakı kompüterlər artıq sadə görüntüləri - nöqtəni, düz xətti, çevrəni çəkə bilirdi. Ozamankı monitorlar ağ-qara olduğundan kompüterdə yaradılan görüntülərin hamısı qrafik-rəssamların işlərini xatırladırdı. Rəssamlığın başqa janrlarından fərqli olaraq qrafik-rəssamların əsərləri, hər şeydən öncə, cizgilərin aydın çəkilişi ilə səciyyələnir. Məhz buna görə də o dövrün kompüterlərinin təsvir imkanlarını kompüter qrafikası adlandırmağa başladılar. Ancaq indi kompüterin köməyi ilə rəssamlar müxtəlif janrlarda əsərlər yarada bilsələr də, “kompüter qrafikası” termini yenə də istifadə olunur.
FƏALİYYƏT
Öncə rastr (məsələn: Paint), sonra isə vektor (məsələn: SketchUp) qrafik redaktorunda kub modelini hazırlayın.