Beləliklə, nəticə çıxarmaq olar ki, model düzgün qurulub və bu model vasitəsilə kompüterdə ixtiyari ilkin verilənlər üçün kvadrat tənliyi həll etmək olar.
Müxtəlif ölkələrdən olan bir qrup tədqiqatçı kompüterdə kainatın təkamülünün ehtimal olunan vizual modelini hazırlamışlar. Bu kompüter modeli sirli substansiya - qara materiya laxtalarının ətrafında ilk qalaktikaların necə yarandığını nümayiş etdirir. Kompüter modeli kainatın nədən ibarət olduğu və necə qurulduğu haqqındakı nəzəriyyəni yoxlamağa imkan verir.
Model üzərində iş 20 ildən artıq davam etmişdir. Bu müddətdə Böyük partlayışdan dərhal sonra kainatın necə olması haqqında məlumatlar bazaya daxil edilmiş, əsas kosmoloji nəzəriyyələrə uyğun kompüter proqramı yaradılmış, sonra isə kompüterin gəldiyi nəticələr izlənilmişdir.
Kompüter modelləşdirməsinin nəticələri isə heyrətamiz dərəcədə gerçəkliyə yaxındır.
Bu modelin yaradılmasına çox böyük hesablama gücləri sərf olunmuşdur. Proqramın başladılması və nəticələrin alınmasına adi kompüterə təxminən 2 min il tələb olunsa da, ən müasir superkompüterlərin və “Arepo” proqramının köməyi ilə bu işə 3 ay vaxt sərf olunur.
ARAŞDIRAQ — öyrənək
Kompüter vasitəsilə cosx - x2 = 0 tənliyini qrafik üsulla həll etməyə çalışın. Bu məsələnin modelini necə qurdunuz? Bunun üçün kompüterdə hansı proqramdan istifadə etdiniz?