Təbii ki, alıcının məqsədi daha rahat mənzil əldə etməkdir. Onun üçün informasiya modelini qurarkən bu cəhətə üstünlük vermək lazımdır. Rahatlığı müəyyən edən əsas göstəriciləri sadalayaq: ev yaşıllıqlar içərisində sakit bir məkanda yerləşməli, müasir texniki qurğularla təchiz edilməli və yeraltı qarajı olmalıdır, giriş qapısında isə gözətçi oturmalıdır. İnformasiya modelini qurmaq üçün bu sadalanan tələbləri əks etdirən informasiyanı cədvəl və ya siyahı şəklində təqdim etmək lazımdır. Alıcının vəzifəsi belə evlərin tikintisi ilə məşğul olan şirkətləri axtarıb tapmaq, hər bir şirkət üçün uyğun informasiya modelini qurmaq və təhlil nəticəsində ən yaxşı variantı seçməkdən ibarətdir.
Alıcı nöqteyi-nəzərindən evin informasiya modeli
Parametrlər | Şirkətlər üzrə parametrlərin qiymətləri | |||
“A” | “B” | “C” | “D” | |
Mərkəzləşdirilmiş istilik sistemi | + | - | - | + |
Video-müşahidəli mühafizə sistemi | + | - | - | + |
Peyk televiziyası | + | + | + | + |
İnternet üçün ayrılmış kanal | - | - | - | + |
Daxili rabitə sistemi | + | + | + | + |
Sutəmizləyici süzgəclər | + | - | + | + |
Rayonun infrastrukturu | + | + | - | - |
Fitnes-mərkəz | + | - | - | - |
Yeraltı parkinq | - | - | - | - |
Yaşıl zona | - | - | + | + |
Gözətçi | + | + | + | + |
Tikintidə maraqlı olan başqa şəxslər, məsələn, investor və memar üçün də analoji metodika ilə informasiya modellərini qurmaq olar. Aydındır ki, hər iki halda məqsədlər alıcı ilə müqayisədə tamamilə fərqli olduğundan modellər də fərqlənəcək.
İnvestorun məqsədi mənzillərin keyfiyyətini göstərməklə daha çox gəlir əldə etməkdir. Deməli, onu maraqlandıran göstəricilər, əsasən, maliyyə xarakterli olacaqdır.
İnvestor nöqteyi-nəzərindən evin informasiya modeli
Parametrlər | Şirkətlər üzrə parametrlərin qiymətləri | |||
“A” | “B” | “C” | “D” | |
Evin planlaşdırılan dəyəri, manat | 5 mln. | 10 mln. | 3,5 mln. | 13 mln. |
Yatırılmış vəsaitin çıxarılma müddəti, il | 3 | 1,5 | 2 | 3,5 |
Bütün mənzillərin satışından sonra xalis gəlir, manat | 3 mln. | 5 mln. | 2 mln. | 5 mln. |
Tikintinin başlanma ili | 2021 | 2022 | 2021 | 2022 |
Tikintinin bitmə (başaçatma) ili | 2023 | 2024 | 2022 | 2024 |
1 otaqlı / 2 otaqlı / 3 otaqlı mənzillərin miqdarı, % | 25/40/35 | 15/30/55 | 10/30/60 | 5/20/75 |