Ona görə də bu sxemi sinfin müəyyən modeli hesab etmək olar. Qrafa baxıb kimin kimlə dostluq etdiyini müəyyənləşdirmək olar. Sinifdə dostluq edən şagirdlər haqqında məlumatların belə formada göstərilməsinin üstünlükləri aşkardır. Qraf əyani olduğuna görə asan mənimsənilir və informasiya daha yaxşı yadda qalır.
İnformasiya modellərini qurarkən bəzən tabelilik münasibətlərini göstərmək lazım gəlir, məsələn: nazir - nazir müavini - şöbə müdiri. Bu halda obyektin informasiya modeli iyerarxik struktur olan ağac vasitəsilə təqdim olunur. Ağacın əsas xüsusiyyəti odur ki, onun ixtiyari iki təpəsi arasında yalnız bir yol var. Elmdə müxtəlif təsnifat sistemləri də iyerarxikdir.
İnformasiya modellərinin təqdimolunma formalarından biri də cədvəldir. Məktəbdə cədvəllərlə tez-tez rastlaşırsınız: dərs cədvəli, sinif jurnalı, Mendeleyev cədvəli və s. Sadə cədvəl sətir və sütunlardan ibarətdir. Adətən, birinci sətrin xanalarında sütunların başlıqları göstərilir; məsələn, "Ölkələr" cədvəlinin bir fraqmentini belə göstərmək olar:
Ölkənin adı | Paytaxtı | Sahəsi, min kv. km |
Əhalisi, min nəfər |
İdarəetmə forması |
Azərbaycan | Bakı | 86 600 | 10 139 | Prezident respublikası |
İtaliya | Roma | 301 340 | 60 462 | Parlament respublikası |
Rusiya | Moskva | 17 075 400 | 145 934 | Prezident-parlament respublikası |
Türkiyə | Ankara | 783 562 | 84 339 | Parlament-prezident respublikası |