Alqoritmlər müasir informasiya texnologiyalarının əsasını təşkil edir. Əslində, alqoritm məsələnin həllinin informasiya modelidir. Alqoritmin icraçısı qoyulan məsələnin mahiyyətinə varmadan alqoritmi formal olaraq yerinə yetirir.
Alqoritmlərin hazırlanması və icra olunması zamanı insan blok-sxemlərdən istifadə edir. Blok-sxem alqoritmi daha əyani təsvir etməyə və onda əsas alqoritmik strukturları (xətti, budaqlanma, dövr) müəyyənləşdirməyə imkan verir. İnsan blok-sxem əsasında alqoritmin yerinə yetirilməsini izləyə bilər, çünki blok-sxemin elementlərini birləşdirən oxlar əməllər ardıcıllığını göstərir.
ARAŞDIRAQ — öyrənək
Məktəbiniz və ona ən yaxın məsafədə yerləşən 5-6 məktəb əsasında qraf informasiya modeli qurun. Məktəblər arasında təxmini məsafələri bu qrafın tilləri üzərində qeyd edin. Qrafı çəki matrisi şəklində göstərin.
Bu qrafın ən yaxın iki təpəsi hansıdır? Çəki matrisinin Python dilində təsviri necə olacaq və həmin təsviri də informasiya modeli hesab etmək olarmı?