Uyğunluq dərəcəsi modelləşdirmənin məqsədlərindən asılıdır. Modelin orijinala həddindən artıq uyğun olmasının da əhəmiyyəti yoxdur; məsələn, uşaq oyuncaqları real obyektlərin modelləridir və onların uyğunluq səviyyəsi uşağın yaşından asılı olur. Kiçikyaşlı uşaqlar üçün oyuncaqlar, adətən, yalnız obyektin formasını modelləşdirir: 3—4 yaşlı uşaqlar üçün avtomobilin modelində gövdənin, kabinənin, dörd fırlanan təkərin olması və real avtomobilə uyğun nisbətlərin saxlanılması yetərlidir. Daha mürəkkəb oyuncaqlarda orijinal obyektin elementləri arasında qarşılıqlı əlaqə də modelləşdirilir: qapılar və kapot açılır, sükanla idarəetmə elementləri işləyir.
Eyni bir obyekt üçün müxtəlif modellər yaratmaq olar. Bu, qoyulan məsələnin şərtlərində hansı xüsusiyyətlərin vacib hesab olunmasından asılıdır.
Hər bir obyektin çoxlu sayda müxtəlif xassələri olur. Modelin qurulması prosesində (modelləşdirmənin məqsədi baxımından) tədqiqat üçün ən önəmli xassələr seçilir; məsələn, aerodinamik boruda təyyarənin modelinin aerodinamik keyfiyyətlərini araşdırmaq üçün modelin orijinala həndəsi formaca oxşarlığı vacibdir, onun hansı rəngdə olması isə heç bir əhəmiyyət daşımır. Elektrik dövrələrinin modellərini - elektrik sxemlərini qurarkən dövrə elementlərinin bir-birinə qoşulma ardıcıllığı önəmlidir, onların bir-birinə nəzərən həndəsi olaraq necə yerləşməsi isə əhəmiyyət daşımır.
Obyekt və prosesləri müxtəlif elmlər fərqli baxış bucaqlarından tədqiq edir və cürbəcür modellər qururlar. Fizikada obyektlərin qarşılıqlı təsiri və dəyişilməsi prosesi, kimyada onların kimyəvi tərkibi, biologiyada canlı orqanizmlərin quruluşu və davranışı öyrənilir. Nümunə olaraq insanı götürək; müxtəlif elmlər onu fərqli modellər çərçivəsində öyrənir. Mexanikada insana bir maddi nöqtə, kimyada müxtəlif kimyəvi maddələrdən ibarət obyekt, biologiyada özünü saxlamağa çalışan sistem kimi baxmaq olar.
Bədii yaradıcılığın özü də faktik olaraq modellərin yaradılması prosesidir; məsələn, təmsil kimi ədəbi janr insanlar arasındakı gerçək münasibətləri heyvanlar arasındakı münasibətlərə keçirir və əslində, insan münasibətlərinin modelini qurur. Bundan başqa, demək olar ki, istənilən ədəbi əsərə real insan həyatının modeli kimi baxmaq olar. Rəsm, heykəltəraşlıq əsərləri, teatr tamaşaları gerçəkliyi əks etdirən bədii formalı modellərdir.
ARAŞDIRAQ — öyrənək