Müxtəlif texniki qurğuların, maşın və mexanizmlərin, binaların, elektrik dövrələrinin və başqa obyektlərin layihələndirilməsi və yaradılmasında modellər çox mühüm rol oynayır. Qabaqcadan sxemi yaratmadan nəinki təyyarəni, hətta onun sadə bir detalını da hazırlamaq mümkün deyil. Bina və tikililərin layihələndirilməsi prosesində sxemlərdən əlavə, çox zaman onların maketini də hazırlayırlar. Uçuş aparatlarının hazırlanması prosesində onların modellərinin hava axınlarında hərəkəti aerodinamik boruda tədqiq olunur.
Dünyada ən böyük şəhər modeli 1964-cü ildə ümumdünya sərgisi üçün hazırlanmış Nyu-York şəhərinin 1:1200 miqyasında maketidir. Bu işə yüzlərlə usta 3 il vaxt sərf edib. 1990-cı illərin əvvəlində maketə yeni binalar əlavə edildikdən sonra onların ümumi sayı 895 minə, maketin ümumi sahəsi isə 870 kvadratmetrə çatıb. 2009-cu ildən arzu edən hər kəs maketdə mənzil və ya ev ala bilər; toplanan vəsait modelin müntəzəm şəkildə yenilənməsinə sərf olunur.
Real obyektlərin quruluşunu, xassələrini və hərəkətlərini əks etdirən nəzəri modellər (nəzəriyyələr, qanunlar, fərziyyələr və s.) yaradılmadan elmin inkişafı mümkün deyil. Yeni nəzəri modellərin yaradılması bəzən bəşəriyyətin ətraf aləm haqqında təsəvvürlərini kökündən dəyişir (Kopernikin dünyanın heliosentrik sistemi, Rezerford və Borun atom modelləri, genişlənən kainat modeli və s.). Nəzəri modellərin doğruluğu, yəni onların gerçək dünyanın qanunlarına uyğunluğu təcrübə və eksperimentlərlə yoxlanılır.
Modelin başlıca xassəsi onun adekvatlığıdır, yəni modelin orijinalın modelləşdirilən xüsusiyyətlərinə uyğunluq dərəcəsidir. Modelin orijinala tam uyğun olması vacib deyil.