- Orijinal çoxlu xassələrə və qarşılıqlı əlaqələrə malik ola bilər. Obyektin sadələşdirilmiş təsviri olan modeldə isə yalnız tədqiqatçını maraqlandıran xassələri saxlamaqla qalanları “atmaq” olar; məsələn, biologiya dərslərində çox mürəkkəb insan orqanizmini öyrənmək məqsədilə onun müxtəlif modellərindən istifadə olunur.
- Model real mövcud olan obyektlərin mücərrəd ümumiləşməsi olur. Yeni geyim biçimi nümayiş etdirən maneken (model) hər hansı real insanı deyil, müəyyən ümumiləşdirilmiş ideal obrazı, standartı təmsil edir. Coğrafiya dərsində təbiət hadisələrindən danışarkən biz hər hansı konkret təbiət hadisəsini (məsələn: zəlzələni) deyil, həmin hadisənin ümumiləşdirilmiş formasını - modelini nəzərdə tuturuq.
- Müəyyən səbəblərdən orijinal obyekt tədqiqatçı üçün əlçatan olmaya bilər: molekullar müşahidə üçün çox kiçikdir; Yer səthində dağ silsiləsinin formalaşması prosesi həddindən artıq yavaş gedir; sınaq atom bombasının partlayış mərkəzindəki şərait orada insanın iştirakını mümkünsüz edir. Bütün bu hallarda obyektləri, hadisə və prosesləri onların modelləri ilə əvəz etmək zərurəti yaranır.
AÇAR sözlər
- Model
- Modelləşdirmə
- Orijinal, prototip
- Nəzəri model
- Modelin adekvatlığı
Modellərdən tədrisdə tez-tez istifadə olunur. Coğrafiyada Yer haqqında ilk təsəvvürləri onun modeli olan qlobusu öyrənməklə alırıq, fizikada daxiliyanma mühərrikinin işini onun modeli əsasında öyrənirik, kimyada maddələrin quruluşunu öyrənmək üçün molekulların və kristal qəfəslərin modellərindən istifadə edirik, biologiyada anatomik mulyaj əsasında insanın quruluşunu öyrənirik və s.