IX əsrdə ərəb alimi əl-Kindi "Şifrlənmiş məlumatların şifrinin açılması haqqında əlyazma" əsərində məlumatların daha effektli şifrləmə üsulundan - çoxəlifba şifrindən istifadə etdi. Yeri gəlmişkən, Avropa ölkələrində çoxəlifba şifrinin tətbiqinə yalnız XV əsrdə başlanılıb. XX əsrin başlanğıcında şifrləmə işlərində elektromexaniki qurğulardan istifadə edildi.
Əbu Yusif Yaqub ibn İshaq ibn Səbbah əl-Kindi (təxminən 801-873) - ərəb filosofu, riyaziyyatçısı, musiqi nəzəriyyəçisi, astronomu. Əl-Kindi metafizika, məntiq, etika, riyaziyyat, kriptoqrafiya, münəccimlik, tibb, meteorologiya, optika və musiqiyə aid çoxlu sayda elmi əsərin müəllifidir. Qərbi Avropada latınlaşdırılmış Alkindus adıyla tanınıb. Onun təxminən 850-ci illərdə yazdığı "Şifrlənmiş məlumatların şifrinin açılması haqqında əlyazma" əsəri tezlik kriptoanalizinə həsr olunmuş ilk əsər kimi tanınır.
Bu dövrədək müxtəlif şifrləmə üsullarından istifadə olunsa da, kriptoqrafiyada onların hamısı bir qrupa aid edilir: gizli (qapalı) açarla şifrləmə. Aydındır ki, şifrin açılması (deşifrləmə) alqoritmini açar müəyyənləşdirir. Gizli açar elə açara deyilir ki, gizli olaraq yazışan iki abonent əvvəlcədən onu bir-birinə verirlər (bildirirlər). Həm şifrləmə, həm də deşifrləmə bu vahid açar vasitəsilə aparılır. Gizli yazışmada əsas məsələ bu açarı üçüncü şəxslərdən gizli saxlamaqdır. Bu üsulla şifrləməyə sürüşmə üsulu ilə şifrləməni, yaxud Sezar şifrini göstərmək olar: 1 və 32 ədədləri arasında hər hansı bir k ədədi götürülür. Əlifbanın hərfləri çevrə boyunca saat əqrəbi istiqamətində yazılır (belə ki, “a” hərfi “b” və “z” ilə qonşu olur). Sonra şifrlənəcək mətndə hər bir hərf “hərflər çevrəsində” ondan saat əqrəbi istiqamətində k sayda hərfdən sonra yerləşən hərflə əvəz olunur. Boşluq və durğu işarələri dəyişdirilmir.
k = 2 olduqda Azərbaycan əlifbasında “a” hərfi “c” ilə, “b” hərfi “d” ilə və s. əvəz olunar. Bu cür şifrləmədən istifadə etsək, “KRİPTOQRAFİYA” sözü “MTQŞVRNTCHQBC” şəklinə düşəcək.
Aydındır ki, internet-forumlarda geniş istifadə olunan ROT13 şifri Sezar şifrinin xüsusi halıdır (k = 13) və belə şifrləri açmaq o qədər də çətin deyil. Müasir kriptoqrafiyada qat-qat mürəkkəb açarlardan istifadə olunur.