Proqramların üzünün icazəsiz köçürülməsinin qarşısını almaq üçün xüsusi vasitələrdən istifadə oluna bilər. Lisenziyalı proqramın distributiv dəstinə daxil olan bəzi verilənlər proqramın özünə daxil olmur. Belə proqramın üzü çıxarılarkən həmin verilənlər itə bilər ki, bu da mühafizə üsullarından biridir.
ABŞ-ın hökumət və hərbi obyektləri artıq çoxdan bütün dünyadan olan hakerlərin öz “peşəkarlıqlarını” nümayiş etdirmək üçün “sevimli fəaliyyət meydanına” çevrilib. ABŞ-ın Müdafiə Nazirliyinin kompüter sisteminə ən təhlükəli müdaxilələrdən biri 1987-ci ildə baş verib. On yeddi yaşlı haker raketləri idarəetmə sisteminin fayllarınadək gedib çıxa bilmişdi. Onu yalnız dəyəri 1,2 milyon dollar olan proqram təminatının üzünü köçürərkən aşkarlamaq mümkün olmuşdu.
Müəlliflik hüququ. İnformasiya-kommunikasiya texnologiyalarının dinamik inkişafı və kompüterlərin çox sürətlə insanların həyatına daxil olması ilk çağlar qanunvericilərin buna hazır olmadığını göstərdi. Bir müddət kompüter proqramlarının hüquqi müdafiəsi məsələsi açıq qaldı, ancaq getdikcə bu boşluqlar doldurulmağa başlandı. Belə ki, hazırda kompüter proqramları (kompilyatorlar, redaktorlar, verilənlər bazası və s.) əmtəə məhsulu statusu almışdır və onlar da intellektual mülkiyyət kimi qorunur.
Kompüter proqramlarının müəlliflik hüququnun tanınması üçün onların hər hansı qurumda qeydiyyatdan keçirilməsi vacib deyil. Proqrama müəlliflik hüququ avtomatik olaraq onun yaradılması zamanı meydana çıxır. Proqramın yaradıcısı öz hüquqlarını elan etmək üçün proqramın ilk buraxılışında üç elementdən ibarət olan müəlliflik hüququnun qorunması işarəsindən istifadə edə bilər:
Məsələn, Word mətn redaktoruna müəlliflik hüququnun qorunması işarəsi belə göstərilir:
© 1983-2017 Microsoft Corporation
Proqramın müəllifi öz proqramını istənilən yolla çoxaltmaq və yaymaq, eləcə də dəyişdirmək üçün müstəsna hüquqa malikdir. Proqramın nüsxəsinə qanuni yolla sahib olmuş qurum, yaxud istifadəçi proqramın işləməsi üçün istənilən hərəkəti edə, o cümlədən onu kompüterin yaddaşına yaza və saxlaya bilər. Bununla belə, lisenziyalı proqram təminatının gizli olaraq üzünün çıxarılması və istifadəsini qadağan edən qanunları bilmək və onlara əməl etmək lazımdır. Proqramın sahibi onun müəlliflik hüququnu pozan qurumlara, yaxud istifadəçilərə qarşı məhkəmə iddiası qaldıra və ona dəymiş ziyanın ödənilməsini tələb edə bilər.