2001-ci il noyabrın 23-də Budapeşt şəhərində Avropa Şurasının “Kibercinayət haqqında” konvensiyası qəbul olunmuşdur. Bu sənəddə kibercinayətlər bir neçə hissəyə bölünür:
Hakerlər - çapqınçılar. "Haker" termini ötən əsrin 50-ci illərində Massaçusets Texnologiya İnstitutunda (ABŞ) meydana çıxmışdır. Həmin dövrün gəncləri arasında hətta müəyyən haker mədəniyyəti də yaranmışdı. Bu mədəniyyət dostlar arasında proqramların açıq mübadiləsi prinsipinə əsaslanırdı. O zamanlar bu söz hörmətlə çəkilirdi. Əməliyyat sisteminin daha yaxşı işləməsi üçün onun nüvəsinin bir hissəsini yenidən yazan, yaxud hamının unutduğu inzibatçı parolunu “ləğv edən” kompüter dahilərini belə adlandırırdılar. Qeyri-standart düşünmə qabiliyyətlərinə və ən mürəkkəb problemlərin ağıllı həllini tapdıqlarına görə bu onlara hörmət əlaməti idi.
1980-ci illərdə fərdi kompüterlərin yaranması və kompüter şəbəkələrinin genişlənməsi ilə bu termin mənfi çalar qazandı: özgəsinin kompüterinə və şəbəkəsinə gizli girərək orada saxlanılan proqramlara və verilənlərə baxan, hətta onların “içinə girən” şəxslər haker adlandırıldı (yeri gəlmişkən, belə insanları “ev yaran oğru” adlandırmaq daha doğru olardı). Təkcə proqramlaşdırma ilə kifayətlənməyən, həm də əməliyyat sistemlərinin və proqramların necə işlədiyini öyrənmək üçün onları “hissə-hissə sökən” həvəskarlara da haker deyilir.
“Haker” termininin öz mənasını itirdiyini görən kompüter ictimaiyyəti əlavə terminlər (məsələn: “script kiddie” və “cracker”) daxil etdilər. “Ssenari uşağı” (ingiliscə: script kiddie) termini ilə hakerlik sahəsində o qədər də biliyi olmayan və “sındırmaq” üçün digər hakerlərin utilitlərindən istifadə edən adamları adlandırırlar. Kreker (ingiliscə: cracker) isə bilik səviyyəsinə görə “script kiddie” ilə haker arasında olan şəxsə deyilir. O, proqramların üzünün çıxarılmaması üçün qoyulmuş müdafiəni “sındıra” bilir, ancaq proqramda yeni zəif yerlər tapmaq, yaxud haker utilitləri yazmaq üçün onun biliyi kifayət etmir.
Proqram məhsulunun alıcısı, əslində, yalnız həmin proqramın istifadə hüququnu əldə edir. Proqramın özu isə onun mülkiyyətinə keçmir. Ona görə də proqram məhsulunun üzünün çıxarılıb yayılması qanun pozuntusu hesab olunur. Belə hərəkətlərə kompüter piratçılığı, yaxud proqram təminatı piratçılığı deyilir.
Kompüter piratçılığı proqram təminatı bazarı üçün çox böyük problemdir. İstifadədə olan hər bir lisenziyalı (qanuni yolla əldə olunmuş) proqrama ən azı bir lisenziyasız, yaxud “pirat” nüsxə düşür. Bəzi ölkələrdə isə bu göstərici 1:9 nisbətinə çatır. Piratçılıq proqram təminatı istehsalına çox mənfi təsir göstərir, yeniliyin qarşısını alır, proqram məhsulunu hazırlayanları və istehsalçıları planlaşdırdıqları gəlirdən məhrum edir.