İnternetin inkişafı virusların da yayılma sürətinə güclü təsir göstərdi. Bundan başqa, viruslar “keyfiyyətcə” də dəyişdi. Əgər təxminən 10-15 il bundan öncə virus müəlliflərinin əsas məqsədi kompüteri sıradan çıxarmaq idisə, XXI əsrin əvvəllərində virusların başlıca fəaliyyəti düşdüyü kompüterdən hər hansı informasiyanı oğurlamağa və həmin kompüterə kənar şəxslərin daxil olmasını təmin etməyə yönəlmişdir. İnformasiyanı oğurlayan virus hər hansı bir şirkətin gizli saxlanılan sənədlərini açıqlamaqla həmin şirkətin nüfuzuna ciddi zərbə vura bilər. Əgər həmin virus məxfi hərbi sənədlərin, yaxud dövlət sirlərinin olduğu kompüterə düşərsə, nə baş verəcəyini təsəvvürə gətirmək belə çətindir. Dünyanın inkişaf etmiş ölkələrində kompüter viruslarının vurduğu ziyan yüz milyon dollarlarla ölçülür.
Ziyanverici proqramların yarandığı dövrlərdə, sadəcə, istifadəçilərin işinə mane olan zarafat-viruslar daha populyar idi; məsələn, bir virus proqramı ekrana belə məlumat çıxarırdı: “L + A + M + E + R + F1 + Alt klavişlər kombinasiyasını eyni zamanda basın”. İstifadəçi bu “məsləhətə” əməl edən kimi məlumat verilirdi ki, faylların yerləşmə cədvəli sərt diskdən silinərək operativ yaddaşa yazıldı və əgər istifadəçi barmaqlarını hər hansı bir klavişin üzərindən götürərsə, sərt diskdəki informasiyalarla vidalaşmalı olacaq. Yox, əgər düz 1 saat bu vəziyyətdə gözləyə bilsə, hər şey əvvəlki halına qayıdacaq. Bir saat bu cür vəziyyətdə qaldıqdan sonra məlum olurdu ki, bunlar bir zarafat imiş.
Virus proqramlarının ən ziyanlı növlərindən biri Troya atıdır. Bu növ proqramlar istifadəçidən icazəsiz olaraq informasiyaları toplayır və onları “cinayətkara” göndərir, eləcə də həmin informasiyaları dağıdır, yaxud ziyanlı məqsədlər üçün dəyişdirir. Bundan başqa, Troya atları kompüterin işini poza, yaxud istifadəçidən xəbərsiz olaraq kompüterin resurslarından ziyanlı məqsədlər üçün istifadə edə bilər.
Troya virusları öz adını qədim tarixi hadisədən götürüb. Homerin “İliada” poemasında qədim yunanlar tərəfindən Troya şəhərinin mühasirəsi (e.ə. təxminən 1250- ci ildə) təsvir olunub. Taxtadan nəhəng at düzəldən yunanlar onun içərisinə öz döyüşçülərini yerləşdirmiş və “hədiyyəni” şəhər darvazasının qabağında qoymuşlar. Heç nədən şübhələnməyən troyalılar atı çəkib darvazadan içəri salmış, gecəyarısı isə yunan döyüşçüləri atın içərisindən çıxıb darvazanı açmış və şəhəri tutmuşlar.
Troya atları, adətən, kompüterə şəbəkə soxulcanı kimi girir. Onlar bir-birindən öz “əməllərinə” görə fərqlənir: