1.5 KOMPÜTER VİRUSLARI
Adətən, özümüzü pis hiss etdikdə həkimə müraciət edirik.
Bəzən kompüterlərdə də qəribə hallar baş verir: proqramlar yavaş işləyir, bəzi fayllar açılmır, ekrana açmadığınız pəncərələr çıxır və s.
İnformasiyanın qorunması üçün əsas təhlükələrdən biri kompüterə “girmiş” ziyanverici proqramlardır. Belə ziyanverici proqramlar verilənlərin tamlığı üçün də təhlükə yarada bilər. Kompüterdə saxlanılan verilənlərə və proqramlara zərər vuran proqramlara ziyanverici proqramlar deyilir.
Ziyanverici proqramların ən geniş yayılmış növü kompüter viruslarıdır. Kompüter virusu proqramın, sənədin içərisinə, yaxud verilənlər daşıyıcısının müəyyən sahələrinə daxil olan parazit proqram kodudur. Bu kod daxil olduğu kompüterdə özü-özünü çoxalda, müxtəlif ziyanlı işlər görə bilər.
Özü-özünü çoxaltma qabiliyyəti virus proqramlarının başlıca xüsusiyyətidir. Bu proqramlar kompüter və digər daşıyıcıların sahiblərinin xəbəri olmadan öz nüsxələrini yaradır. Virus proqramlarının əksəriyyəti ziyan vurmaqla məşğuldur; verilənləri məhv edir və kompüterin normal işini pozur.
Kompüterdə virusun “həyat yolu” yoluxdurma və aktivləşmə ilə başlanır. Yoluxma təxminən bu cür baş verir; istifadəçi öz kompüterində virus daşıyıcısı olan proqramı başladır. Bu proqram İnternetdən də “yüklənə” bilər, tanışlarınızdan köçürüb əldə etdiyiniz proqram da ola bilər.