Daranmış (skanerdən keçirilmiş) barmaq izinin naxışı informasiyadan istifadəyə icazəsi olan şəxslərin heç birinin barmaq izlərinin naxışı ilə üst-üstə düşmədikdə informasiya əlçatmaz olur.
Gözün qüzehli qişası hər bir insanın nadir biometrik xüsusiyyətlərindəndir. O, insanda körpəlikdən formalaşır və bütün ömrü boyu dəyişilməz qalır. Gözün təsviri alındıqdan sonra onun üzərinə xüsusi ştrix-kod maskası qoyulur. Nəticədə hər bir insan üçün fərdi matris alınır. Gözün qüzehli qişasına görə tanımaq üçün xüsusi skanerlərdən istifadə olunur.
İnsanın nitqinin özəlliklərinə görə tanınması ənənəvi tanınma üsullarından biridir. Telefondakı həmsöhbəti görmədən onu asanlıqla tanımaq olur. Hətta səsinin emosional tonuna görə insanın psixoloji durumunu müəyyənləşdirmək mümkündür. Səsə görə tanıma nitqin tezlik analizinə əsaslanır. Hər bir insan üçün hər bir səsin (fonemin) fərdi tezlik xarakteristikası vardır.
Şəxsiyyəti müəyyənləşdirmək üçün üzə görə tanıma texnologiyasından tez-tez istifadə olunur. Bu üsul insanı narahat etmir, cünki onun tanınması məsafədən aparılır (insan saxlanılmır, onun hərəkət sərbəstliyi məhdudlaşdırılmır). İnsanın üz cizgilərinə görə onun tarixçəsini, simpatiya və antipatiyasını, xəstəliklərini, emosional durumunu, ətrafdakılara bəslədiyi hisləri və onlara qarşı məqsədlərini bilmək olar. Bunların hamısı, məsələn, potensial cinayətkarı aşkarlamaq üçün xüsusi maraq kəsb edir. Tanıma əlamətləri üzün formasını, rəngini, həmçinin saçın rəngini nəzərə alır. Mühüm əlamətlər sırasına sifətdə kontrastlığın dəyişildiyi yerlərin (qaşlar, gözlər, burun, qulaqlar, ağız və s.) koordinatlarını da aid etmək olar. Hazırda verilən xarici pasportlar və yeni nəsil şəxsiyyət vəsiqələrindəki mikrosxemlərdə sənəd sahibinin rəqəmli fotoşəkli saxlanılır.