Hesablama texnikasında təhlükəsizlik anlayışı bir-biri ilə sıx əlaqəli olan bir sıra məsələləri əhatə edir: kompüterin etibarlı işləməsi təmin olunmalıdır, mühüm əhəmiyyət kəsb edən verilənlərin təsadüfən itirilməsi təhlükəsi haqqında xəbərdarlıq edilməlidir; verilənləri icazəsi olmayan şəxslər tərəfindən istifadədən və müxtəlif dəyişikliklərdən qorumaq lazımdır; elektron rabitə vasitələrindən istifadə etməklə yazışmalar zamanı sirlərin saxlanması da bu qəbildən olan məsələlərdəndir.
Vətəndaşların və onların əmlaklarının təhlükəsizliyinin keşiyində qanunlar və hüquq-mühafizə orqanları dayanır. Ancaq bəzi informasiya mübadiləsi sistemlərinin hüquqi cəhətdən qorunması hələlik texnologiyaların inkişafından geri qalır. Kompüter sistemlərinin qorunması çox zaman özünümüdafiə üsulları ilə aparılır.
İnformasiyanın qorunmasının iki üsulu vardır: verilənlərə girişin məhdudlaşdırılması və verilənləri əks etdirmək üçün zəruri olan informasiya metodlarına girişin məhdudlaşdırılması.
Verilənləri icazəsiz istifadədən qorumaq üçün, adətən, paroldan istifadə edilir. Parol yalnız verilənlərdən istifadə etmək hüququ olan şəxsin bildiyi simvollar yığınıdır. İstifadəçi verilənlərdən istifadə hüququnu təsdiqləmək üçün özünü tanıtmalı və parolunu təqdim etməlidir. Bəzən parol əvəzinə elektron açarlardan, smart-kartlardan və başqa texniki vasitələrdən istifadə olunur.
Biometrik informasiyaya əsaslanan mühafizə sistemləri də mövcuddur. Bu sistemlərdə istifadə olunan əlamətlər insanın dəyişməyən xüsusiyyətlərinə əsaslanır və buna görə də biometrik informasiya itirilə, yaxud saxtalaşdırıla bilməz. İnformasiyanın biometrik mühafizə sistemlərinə aşağıdakı tanıma və ya eyniləşdirmə (kimliyin müəyyənləşdirilməsi) sistemləri aiddir:
1988-ci il 30 noyabr tarixi Beynəlxalq İnformasiyanın Mühafizəsi Günü (Computer Security Day) elan olundu. Burada məqsəd bütün istifadəçilərə kompüterlərini və orada saxlanılan informasiyanı mühafizə etməyin vacibliyini xatırlatmaq, eləcə də təhlükəsizlik problemlərini avadanlıq və proqram təminatı istehsalçılarının diqqətinə çatdırmaq idi. Belə bir xüsusi günün məhz 1988-ci ildə təsis edilməsi heç də təsadüfi deyildi. Bu həmin il kütləvi xarakter almış "Morris soxulcanı" epidemiyası ilə bağlı idi.
Hazırda şəxsiyyətin kimliyinin müəyyən olunmasının biometrik üsulları içərisində ən geniş tətbiq olunanı barmaq izlərinə görə tanımadır (daktiloskopiya). Hər bir insanın barmaq izləri bənzərsiz olduğundan bu üsuldan kriminalistikada geniş istifadə edilir. Barmaq izlərini oxuyan optik skanerlər noutbukda, smartfonda, kompüterin siçanında, klaviaturada, fləş-diskdə quraşdırılır, eləcə də ayrıca xarici qurğular və terminallar şəklində tətbiq edilir (məsələn: hava limanlarında, banklarda və s.).